“Liverpul” 2020/21 maliyyə ilinin yekun nəticələrini açıqlayıb. Göstəricilər heç də pis deyil.
Klubun itkiləri 2019/20 mövsümü ilə müqayisədə 41,5 milyon funt sterlinq azalıb və 4,8 milyona düşüb. Amma bu müddətdə matçların təşkilindən əldə edilən gəlir 95 faiz azalıb. Bu isə 70 milyon funt sterlinqdən 3 milyona qədər enişi qaçılmaz edib. “Liverpul”un ümumi gəliri 487 milyon funt sterlinq olub. Bu planda 2019/20 mövsümü ilə müqayisədə 3 milyon funt sterlinq azalma qeydə alınıb. Kommersiya üzrə gəlirlərin məbləği isə praktiki olaraq dəyişməyib: ötən maliyyə ilində bu planda göstərici 217,6 milyon funt sterlinq olub, 2019/20 mövsümündə isə kommersiya fəaliyyəti kluba 217,4 milyon funt sterlinq qazandırmışdı.
Bu həftə İngiltərə klublarından “Arsenal” da ötən maliyyə ilinin hesabatını açıqlayıb. “Topçular”da vəziyyət heç də ürəkaçan deyil. Paytaxt klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, “Arsenal” son maliyyə ilində 327,6 milyon funt sterlinq gəlir əldə edib. Bu planda əvvəlki mövsümlə müqayisədə 15,9 milyon funt sterlinq azalma qeydə alınıb. Klub 107,3 milyon funt sterlinq itki ilə üzləşib. Bu isə “topçular”ın tarixində rekord məbləğdə zərərdi. Buna əsas səbəb kimi koronavirus pandemiyasına görə azarkeşlərin uzun müddət tribunalara buraxılmaması göstərilir. Hesabatda təbii prosesin klubu 85 milyon funt sterlinq geri saldığı qeyd edilir.
“Arsenal” son mövsümdə məvacib ödənişinə ümumilikdə 244 milyon funt sterlinq sərf edib. Bu isə əvvəlki mövsümlə müqayisədə 10 milyon funt sterlinq çoxdu. “Topçular”ın teleyayından gələn gəlirləri isə 118,9 milyon funt sterlinqdən 184,4 milyona qədər artıb.