Premyer-liqanın autsayderi “Səbail”də vəziyyət ürəkaçan deyil.
Komandanın bir sıra problemləri var ki, onlardan əsası maliyyə ilə bağlıdı. Demək olar ki, hər gün mediada “Səbail”lə bağlı nəsə yazılır. Redaksiyamıza daxil olan məlumata görə, “dənizçilər”in çətin günləri artıq geridə qalıb. ASCO klubun problemlərini aradan qaldırmağa qərar verib. Həm informasiyanı dəqiqləşdirmək, həm də digər məsələrlə bağlı fikirlərini öyrənmək üçün “Səbail”in icraçı direktoru Fərəc Əliyevləəlaqə saxladıq.
- Bizdə olan məlumata görə, “Səbail”in maliyyə problemi artıq həll olunub. Klubun bundan sonra iddialı olacağı bildirilir…
- Bəli. Martın 3-də bütün futbolçuların, işçilərin maaşları verilib. Heç kimə borcumuz yoxdu. Allah qoysa, növbəti mövsümdən komanda daha yaxşı çıxış etməyi planlaşdırır. ASCO ilə bu istiqamətdə danışıqlar gedir. Çox sağ olsunlar ki, bizə dəstək olurlar. Hazırda hər şey yaxşıdı. Növbəti mövsüm vəziyyətimiz yaxşı olacaq.
- Klubun sponsoru indidən dəyişikliklər haqda tapşırıqlar verib? “Səbail”i hansı yeniliklər gözləyir?
- Sponsorla danışıqlar davam edir. İndidən nəsə deyə bilmərəm. Başa düşürəm ki, klub idarəçiliyi, komandanın heyəti ilə bağlı dəyişiklikləri nəzərdə tutursuz. Amma bu dəqiqə bizim hansısa futbolçuya, məşqçiyə borcumuz yoxdu. Şirkət sağ olsun, vaxtında hamının pulunu verir. Mövsümün sonuna kimi də belə davam edəcək. Sadəcə, bir şey deyə bilərəm ki, növbəti mövsüm daha güclü “Səbail” görəcəksiz. Lakin detalları açıqlaya bilmərəm.
- Bütün premyer-liqa klubları “ASCO Arena”nın ot örtüyündən narazılıq edir. Bununla bağlı yenilik gözlənilir?
- Mövsüm bitən kimi ot örtüyü dəyişdiriləcək - bu dəqiqdi.
- Mediada yayılan xəbərlərə görə, sponsor klubun maliyyəsində problem aşkarlayıb. Bu səbəbdən də yoxlamalara başlayıb. Əsasən də sizin fəaliyyətinizi xüsusi nəzərdən keçirirlər. Bu nə qədər doğrudu?
- Vallah, mənim əsas prinsipim şəffaflıqdı. İndiyə kimi maliyyə məsələləri ilə bağlı nələr olubsa, hamısını qəpiyinə kimi göstərə bilərəm. Nə etmişəmsə, onun cavabını verə bilərəm. Heç bir problem yoxdu. Heç yoxlama da olmayıb. “Səbail”də həmişə şəffaflıq olub. 2016-cı ildən burda işləyirəm. Menecer vəzifəsindən icraçı direktorluğa qədər gəlmişəm. İndiyə kimi hər şey qaydasında olub. Bundan sonra da şəffaflıqla bağlı problem olan deyil.
- Zaur Axundovun “Səbail”in yeni rəhbəri olacağı deyilir. Bu nə dərəcədə doğru xəbərdi? Yəqin bilirsiz, “Keşlə” adını dəyişib, “Şamaxı” olacaq. Bu prosesdən sonra Axundovun “Səbail”in başına keçəcəyi gözlənilir? ASCO-dan bununla bağlı sizə nəsə deyiblər?
- Xeyr. Ümumiyyətlə, bu barədə söhbət getməyib. Birinci dəfə sizdən eşidirəm. Əminliklə deyə bilərəm ki, belə şey yoxdu.
- Hər dəfə “Səbail”ə kimisə rəhbər “təyin edirlər”. Bu yaxınlarda dedilər ki, “Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov klubun yeni prezidenti olacaq. İndi də deyirlər ki, “Səbail” Zaur Axundova tapşırılır.
- Bunu həmkarlarınızdan soruşun (gülür). Mən şərh verə bilmərəm. Media işçiləri yəqin belə məsləhət görür. Bu informasiyanı hardan alırlar, kim onlara deyir, bilmirəm. Doğrudan da, belə şey yoxdu. Olsaydı, bilərdim. Mən elə adamam ki, nəyisə gizlətməyi xoşlamıram. Çünki bilirəm ki, mənası yoxdu. Onsuz da mediadan nəyisə gizlətmək olmur. Bəzən mənə də bu qəribə gəlir ki, hardan öyrəndilər? Bizim klubdan kimsə sizə informasiya verməsə belə, hər şeydən xəbəriniz olur. Amma indiki məqamda Zaur Axundovla bağlı söhbət olmayıb. Yoxlama məsələsi də yalandı. Olsa belə, bütün sənədləri təqdim etməyə hazıram. İşi qoyaq kənara, insan üçün ən vacibi düzgünlükdü. Hər şey şəffaf olanda problem olmur. Ona görə özümüzə bu yolu seçmişik.
- “ASCO Arena”nın ot örtüyünü tez dəyişmək olmaz? Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra demişdi ki, “Səbail” başqa stadion tapsa, bu məsələni vaxtından əvvəl həll edərik. Olmaz ki, başqa stadionda çıxış edəsiz? Məsələn, Qubada yeni açılan stadion boşdu...
- Bilirsiz, tək əsas komanda ilə problem həll olunmur. Bizim akademiya, əvəzedici heyət də burda keçir məşqlərini. Aşağı yaş qruplarımızın hamısının oyunları da “ASCO Arena”da baş tutur. Tutaq ki, dediyiz kimi əsas komandanı bir müddət Qubaya köçürdük. Bəs akademiyadakılar nə etsin? Buna görə də qərara gəldik ki, 2 ayyarım da dözüb, ot örtüyünü dəyişək. Çünki nə vaxt bizim stadiona gəlsəz, orda məşq olduğunu görərsiz. Səhər saat 10-dan axsam 8-ə kimi burda ya akademiyanın, ya “Səbail-2”nin məşqçi olur. Bu üzdən gözləmək qərarına gəldik.
- Ot örtüyünün pis vəziyyətdə olması futbolçuların narazılığına səbəb olub? Deyilənə görə, onlar istəmədikləri üçün “Səbail” məşqləri Olimpiya stadionunda keçməyə məcbur olur...
- Srağagün məşq “ASCO Arena”da olub. Baş məşqçimiz Aftandil Hacıyev qərar verəndə ki, həftəlik tsikldə təbii örtüklü stadionda hazırlıq keçmək lazımdı, onda dediyiniz kimi olur. Yəni məşq Olimpiya stadionunda baş tutur. Amma heç vaxt futbolçuların etirazına görə belə şey etməmişik. Sadəcə, baş məşqçimizin istəyinə uyğun Olimpiya stadionunda məşq keçmişik. Komanda ilə bağlı qərarları Aftandil Hacıyev verir. Necə ki qış hazırlıq dönəmini “Dalğa Arena”da keçdik. Burda futbolçuların etirazından söhbət belə gedə bilməz.
İLKİN SULTANLI