Premyer-liqanın 17-ci turu çərçivəsində "Neftçi" "Səbail"ı qəbul edib - 2:0.
"Football-plus.az" saytının məlumatına görə, qonaqların baş məşqçisi Aftandil Hacıyev oyundan sonra mətbuat konfransında iştirak edib. Çalışdırıcı görüş haqda bunları deyib:
"Rəqiblə müqayisədə bir gün az dincəlmişdik. Ümumən, meydanda futbolçular verdiyimiz tapşırıqları maksimum düzgün yerinə yetirməyə çalışırdılar. Son dəqiqələrdə fərdi səhvlərdən iki qol buraxdıq. Bu da rəqibin qələbə qazanmasına şərait qazandı. Son zamanlar formada olan komandaya qarşı oynadıq. Bu il fərqli “Neftçi” izləyirik. Meydanda daha intizamlıdırlar. İlk hissədə hər iki komanda ehtiyat edirdi. Fasilədən sonra ”Neftçi” təzyiqi artırdı. Bu da nəticəni müəyyənləşdirdi. Xal qazanmaq istəyirdik. Olmadı. Mövqeyimiz bəllidi. Nə qədər mübarizə apara biləcəyiksə, bunu etməyə çalışacağıq. Futbolçuların istəyi məni qane etdi. Daha yaxşı mövqeyə yalnız əzmkarlıqla qalxa bilərik. Ustalıq baxımından rəqiblərdən geri qalırıq. Hər tur rəqiblərə belə müqavimət göstərməyə çalışacağıq".
- Yeni mövsümdən komandanın daha iddialı olacağı bildirilir. Sizin hansı planlarınmız var?
- İddia barədə danışmaq tezdi. Amma bir hərəkətlilik var, rəhbərlik səviyyəsində görüşlər olub. Bir istək var. Belə görüşlər tez-tez olacaq. Növbəti mövsümə daha yaxşı “Səbail” hazırlamaq üçün əlimizdən gələni edəcəyik. Növbəti mövsüm barədə dəqiq bir şey demək olmaz.
- Belə xəbərlər var ki, futbolçular “ASCO Arena”nın bərbad durumundan narazılıq ediblər və buna görə komanda məşqlərini Bakı Olimpiya Stadionunda etməyə başlayıb...
- Bütün futbol ictimaiyyəti bundan narazılığını bildirib. Ən çox əziyyət çəkən də bizim futbolçulardı. Göz görə-görə onları istismar etmək istəmirik. Gənc oyunçuların gələcəyini düşünməliyik. Ona görə də belə addım atdıq.