"Qarabağ"ın Konfrans Liqasında uğurlu çıxışında əsas pay sahiblərindən biri də Kadi Borges oldu.
Braziliyalı futbolçu komandaya mövsümün əvvəlində qoşulsa da, azarkeşlərin sevimlisinə çevrildi. Sadəliyi ilə seçilən yarımmüdafiəçi ilə söhbətimiz necə alınıb? Buna artıq siz qərar verin.
- Bir az əvvələ qayıdaq. Azərbaycana gəlişin necə baş tutdu? “Qarabağ” haqda nəsə bilirdin?
- Azərbaycana gəlməmiş Portuqaliyada oynayırdım. Mövsüm bitəndən sonra Braziliyaya döndüm. Yenidən Portuqaliyaya qayıdanda agentim mənə belə bir variantın olduğu barədə məlumat verdi. Dedi ki, "Qarabağ" səninlə maraqlanır, heyətinə qatmaq istəyir. Təbii ki, "Qarabağ"ı tanıyırdım. Çünki avrokubok oyunlarını diqqətdə saxlayırdım. Komandanın da hər il avrokuboklarda oynadığını görürdüm. Sadəcə, yerləşdiyi şəhər, infrastruktur haqda kifayət qədər məlumatım olmadığı üçün maraqlanmağa başladım. Portuqaliyada oynayan futbolçulardan soruşdum. Hansı ki, onların dost-tanışı Azərbaycanda oynamışdı. Daha sonra birbaşa tanıdığım, burda oynamış futbolçulardan məlumat toplamağa başladım. Demək olar ki, bütün fikirləri müsbət oldu. Həm ölkə, həm infrastruktur, həm də yerləşdiyi şəhər haqda yalnız xoş sözlər dedilər. Bu da sonda qəti qərar verməyimə səbəb oldu. Gəlişim bu şəkildə oldu.
- Azərbaycan futbolu barədə fikirlərin necədi?
- Azərbaycan çempionatı haqda, ümumiyyətlə, məlumatsız idim. Heç bir informasiyaya sahib deyildim. Sadəcə, "Qarabağ"ı tanıyırdım. Çempionatı haqda kimsədən soruşmamışdım, heç kim də mənə bir şey deməmişdi. Ona görə də özüm təcrübədən keçirməli oldum bu çempionatı. Sizə deyim ki, təəccübləndim. Maraqlı çempionatdı. Demək olar ki, hər bir komanda mübarizlik nümayiş etdirir, sona qədər döyüşür. Əksər komandaların heyətində keyfiyyətli futbolçular var. Yəni yaxşı mənada çempionat məni təəccübləndirdi.
- “Qarabağ” hazırda premyer-liqada bütün rəqiblərini qabaqlayır. Səncə, ən çətin komanda hansıdı?
- Birinci olmağımız, hamını qabaqlamağımız ümumilikdə güclü komanda olmağın göstəricisidi. Ən çətin yox, amma “hansı komandaya qarşı oynamaq maraqlıdı” soruşsaydız, "Neftçi"ni deyərdim. Bu kluba qarşı oynamaq həmişə maraqlıdı.
- Yeganə məğlubiyyətiniz “Səbail”ə qarşı oyunda qeydə alınıb. Bu komanda isə turnir cədvəlində sonuncudu. Səbəb nə idi?
- Xüsusi səbəb yoxdu. Həmişə deyirəm ki, futbolda istənilən nəticə qeydə alına bilər. Zəif komanda hər kəsi təəccübləndirib, gözlənilmədən güclü rəqibi məğlubiyyətə uğradır. Belə nəticələri futbolda çox görürük. Hər futbol matçı istənilən komanda üçün yeni bir imkandı. Həmin görüşdə "Səbail" yaxaladığı imkanlardan daha yaxşı istifadə etdi və qələbə qazandı. Başqa izah vermək olmur o matçla bağlı.
- Premyer-liqada sənə ən çox hansı müdafiəçi çətinlik yaradıb?
- Bu günə qədər çətinlik çəkdiyim xüsusi kimsə yoxdu. "Qəbələ"də forma geyən braziliyalı müdafiəçi Ruan Renato var. O daha çox problem yaradıb meydanda.
- Sosial şəbəkələrdə sənin Azərbaycana gələn ən səviyyəli futbolçu olduğun yazılır. Özün bu barədə nə düşünürsən?
- İnsanlar, azarkeşlərimiz, bir sözlə, hər kəs elə fikirləşirsə, bu, sadəcə, xoş hisslər oyadır. Amma mən özümü "ən yaxşılar” kateqoriyasına aid etmək istəməzdim. Sadəcə, işimi görürəm. Çalışıram ki, hər dəfə məşqçinin tapşırıqlarını yerinə yetirim. Ən yaxşısını etməyə çalışıram. Futbolsevərlərin haqqımda belə düşüncədə olması sevindirici haldı. Bundan sonra çalışacam ki, daha yaxşı oynayım və ümidləri doğruldum.
- Konfrans Liqasında mübarizə haqda təəssüratın necədi?
- Bu mənim ilk avrokubok turnirim idi. O qədər deyiləsi söz var ki... Ümumiyyətlə, burda yaşadığım o hisslər, möhtəşəm anlar ömürboyu ürəyimdə qalacaq. Daim xoş duyğularla xatırlayacam bunları. Mənim üçün "Qarabağ"ın şərəfini qorumaq, avrokuboklarda bu komandanı təmsil etmək qürur mənbəyidi. İlk mövsümün belə olması möhtəşəmdi. Bundan yaxşısını arzulaya bilməzdim. Bu hələ başlanğıcdı. Ümid edirəm ki, qarşıdakı illərdə bundan da böyük uğurlara imza atacağıq.
- “Marsel”lə oyunda Qurban Qurbanovun qərarının nəticəyə təsir etdiyini düşünürsən? Heç belə vəziyyətlə qarşılaşmışdın?
- Birinci dəfə belə situasiya ilə üzləşirdim. Nəinki belə, heç buna oxşar halla da qarşılaşmamışam. Mənə elə gəlir ki, baş məşqçinin qərarı doğrudu. Qürur duyuram ki, belə bir insan mənim məşqçimdi və onun rəhbərliyi altında oynayıram. Məşqçimiz öz qərarı, davranışı ilə bir daha sübut etdi ki, doğru doğrudu. Bu nəinki idmanda, bir çox insanın həyat prinsipi olmalıdı. Məşqçimiz də doğru olanı etdi.
- Azərbaycanlı futbolçulardan kimi ən yaxşı sayırsan? Kimlər Avropada oynaya bilər?
- Baxmayaraq ki, Maksim artıq karyerasının son illərini yaşayır, amma düşünürəm ki, Avropada sayılıb-seçilən komandada oynamaq potensialı var. İndiyədək də oynaya bilərdi. Bundan başqa, iki gənc futbolçu var ki, onların gələcəyini Avropanın güclü çempionatlarında görürəm. Bunlar İsmayıl İbrahimli və Toral Bayramovdu.
- “Qarabağ”la keçirdiyin hansı oyun və qol unudulmazdı sənin üçün?
- "Marsel"lə görüşləri həmişə xatırlayacam. Həm böyük maraq və əhəmiyyət kəsb etdiyinə, həm də ilk oyunda qol vurduğuma görə. Amma unuda bilmədiyim qollara gəlincə, iki qol var ki, mənim üçün seçilir. Gözəlliyinə görə "Omoniya" ilə səfər oyununda vurduğum qol xüsusi yer tutur. Vacibliyinə görə isə AEL-ə qarşı Bakıda son dəqiqədə vurduğum qol. Bu iki qol mənim üçün xüsusidi.
- Azərbaycanda istər meydanda, istərsə də kənarda səni təəccübləndirən qeyri-adi hadisə olub?
- Başıma maraqlı hadisə çox gəlib. Amma bu dəqiqə yadıma gələn biri var, onu danışmaq istəyirəm. Həyat yoldaşımla restoranların birində oturub, yemək yeyirdik. Birdən üç yetkin kişi gəlib, bizə yaxın yerdə dayanıb baxmağa başladı. Durmadan bizə tamaşa edirdilər. Aralarında nəsə danışırdılar izləyə-izləyə. Biz də yoldaşımla bir-birimizə baxırıq ki, "nə baş verir". Nəhayət, onlardan biri yaxınlaşdı. Adımı soruşdu, mən də dedim ki, Kadi Borges. Adamlar sanki qol vurubmuşlar kimi tullanmağa başladılar (gülür). Hətta qucaqlaşdılar. Yeniyetmə, uşaq olsaydılar, anlaşılan olardı. Amma onlar yetkin idilər. Belə reaksiya vermələri həm təəccübləndirdi, həm də xeyli güldük. Daha sonra şəkil çəkdirdik, bir az da söhbət etdik. Həmin epizodu həyat yoldaşımla hərdən xatırlayıb, gülürük.
- Komandada ən yaxın dostu kimdi?
- Çalışıram hamı ilə yaxşı münasibətdə olum. Həqiqətən də elədi. Kollektivdə hamı ilə əla münasibətim var. Amma kluba ilk gələndə, təbii ki, insan eyni dildə danışan, səni anlayan biri ilə əlaqə qurmağa çalışır. Kevin Medina uzun illər Portuqaliyada çıxış edib, dili də bilir. Öncə onunla daha çox ünsiyyət qururdum. Özümə daha yaxın biri kimi daha çox onu fərqləndirərdim. Çünki Medina ilə rahat ünsiyyət qura bilirəm.
- Boş vaxtlarında nə edirsən, haraları gəzmizsən? Yeməklərimiz barədə fikrin nədi? Yaşadığın ən böyük problem nə olub Bakıda?
- Yeganə problem problemin olmamasıdı. Demək olar ki, hər şey ürəyimcədi, xoşuma gəlir. Futboldankənar vaxtımı həyat yoldaşımla keçirirəm. Tez-tez İçərişəhərə gedirik, bulvarda gəzməyi xoşlayıram. Daha çox məşqdə komanda ilə olduğum üçün həyat yoldaşım daim axtarır gəzməli-görməli yerləri. Boş vaxtlarımızda isə mütləq ora baş çəkirik. Yeni məkanlar kəşf edirik. Məsələn, yeni yerli, fərqli yeməklər yeyirik. Xoşumuza gəlir bu hal. Tez-tez fərqli restoranlara gedirik. Təbii ki, "şopinq" də öz yerində. Ümumiyyətlə, Bakı çox xoşumuza gəlir. Hər şey maraqlıdı. Bilirəm ki, görüləcək, kəşf ediləcək çox yer var. Boş vaxt tapınca, mütləq gedəcəyik. Bir sözlə, hər şey əladı, ürəyimcədi. Narazı olduğum heç nə yoxdu.
GÜNAY VƏLİYEVA