Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanovla Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində millinin sabiq futbolçusu Ceyhun Sultanov ifadə verib. Onun sözlərinə görə, həmin gün rayonlardan birində istirahətdə olub. Təqsirləndirilən şəxslər tərəfindən evindən 5 min manatlıq oğurluq edilib:
"Evə qayıdanda qapının açıq olduğunu gördüm. İçəri daxil olanda isə yataq otağımda çarpayının üstündə xüsusi ip gördüm. Evdən qızıl, şuba və saatlar aparıblar. Qanunun tələbinə uyğun olaraq dəymiş ziyanın ödənilməsini istəyirəm".
Sultanovun "həmin gün evdə uşaqlar olsaydı, necə olacaqdı" sualına oğrular "adam olan evə girmirdik" cavabını veriblər. Proses martın 10-da davam etdiriləcək.