Beynəlxaq yarışlara qatılan Rusiya təmsilçilərinin üzərinə cəza yağış kimi yağır.
Basketbol üzrə Avroliqanın rəhbərliyi Rusiya klublarını bu qurumun bayrağı altında keçirilən yarışlardan uzaqlaşdırıb. Avroliqanın bəyanatında o da vurğulanır ki, “hadisələrin arzuolunmaz axarı halında” Rusiya klublarının iştirak etdiyi bütün oyunların nəticələri ləğv olunacaq. Beləliklə, ÇSKA, “Zenit” və UNİKS Avroliqadan, “Lokomotiv-Kuban” isə Avropa Kubokundan uzaqlaşdırılıb.
Təbii ki, belə sərt cəza Rusiya klublarının fəaliyyətinə təsirsiz ötüşməyib. Gürcü forvard Tornike Şengeliya ÇSKA ilə müqaviləni birtərəfli qaydada pozub. 30 yaşlı oyunçu Ukraynada vəziyyətin gərginləşməsi üzündən belə qərar verib. Basketbolçu hazırda ailəsi ilə birgə İspaniyadadı. ÇSKA-ya 2020-də keçən Şengeliya bu komanda ilə VTB Vahid liqasının çempionu və Superkubokunun qalibi olub. Gürcü hücumçu ÇSKA-ya qədər İspaniyanın “Valensiya” və “Baskoniya”, ABŞ-ın “Bruklin” və “Çikaqo” klublarının şərəfini qoruyub.
ÇSKA-nın saytı 2018-dən bu komandanın şərəfini qoruyan amerikalı forvard Coel Bolombeyin də düşərgəni tərk etməsi haqda xəbər yayıb. Saytda o da qeyd olunur ki, oyunçularla razılaşmanın statusu bir qədər sonra müəyyənləşəcək. Qalan basketbolçular və məşqçilər qarşıdakı oyunlara ənənəvi qrafik üzrə hazırlaşır. Şengeliya ilə Bolombeyin adını çəkdik, İffe Lundberq, Maryus Qriqonis və Yohannes Foqtmann da şəxsi səbəblər üzündən komandanın düşərgəsindən ayrılıb.
Beynəlxalq Basketbol Federasiyası (FIBA) da Rusiya yığmalarını və klublarını öz bayrağı altında keçirilən beynəlxalq yarışlardan kənarlaşdırıb. FIBA-nın rəsmi saytında yer alan xəbərdə deyilir ki, bu qərar Ukraynaya hərbi müdaxilə üzündən verilib. Rusiya komandaları növbəti xəbərdarlığa qədər turnirlərdə iştirak edə bilməyəcəklər.
Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) isə 2014-cü ildə Rusiya Prezidenti Vladimir Putinə verilmiş ordeni geri alıb. Bundan başqa, Rusiya və Belarus üzgüçüləri beynəlxalq yarışlarda ölkələrini təmsil edə bilməyəcək. İdmançılar turnirlərdə yalnız neytral statusda, FINA himni və bayrağı altında yarışacaqlar.