“Neftçi”nin əsas qapıçısı Aqil Məmmədovun əməliyyat olunduğunu yazmışdıq.
33 yaşlı qolkiper Türkiyə mətbuatına açıqlamasında Azərbaycanda heç bir həkimin onu qəbul etmədiyini də söyləyib. Görəsən, qolkiperin problemi nə dərəcədə ciddi olub ki, ölkəmizdə onun əməliyyatına heç bir xəstəxana, cərrah yaxın durmayıb? Düzdü, fevralın 24-də klubun baş həkimi Şaiq Zöhrablı paytaxt təmsilçisinin rəsmi saytına açıqlamasında əməliyyatın uğurlu alındığını bildirmişdi:
“Aqil noyabrda zədələnəndən sonra müalicə olunmuşdu. Lakin dekabrda ağrılar başladığına və şişmə olduğuna görə Bakıda əməliyyat olundu. Bununla belə, əməliyyatdan sonra diz oynağında ağrılar tam keçmədiyinə və şişkinlik davam etdiyinə görə Türkiyəyə – “Acıbadəm” klinikasına göndərildi. Orda Sinan Karaoğlu, Bertan Cengiz və Mehmet Çavuşun həyata keçirdiyi əməliyyatla təkrar diz oynağına girildi, yara nahiyəsi işlənildi. Artıq əməliyyatdan sonrakı ikinci gündü və hazırda vəziyyəti yaxşıdı, müalicəsi davam edir. Aqilin təxminən iki aydan sonra fərdi hərəkətlərə başlaması planlaşdırılır”.
Bu açıqlamadan da belə başa düşülür ki, həqiqətən də Aqilin əməliyyatını Azərbaycanda hansısa həkim üzərinə götürməyib. “Neftçi” ölkədə tanınmış xəstəxanalardan olan “Modern Hospital”la əməkdaşlıq edir. Adı çəkilən sağlamlıq mərkəzində bir çox tanınmış həkim fəaliyyət göstərir. Xəstəxana müasir avadanlıqlarla təmin olunub. Belədisə, onlar niyə Aqili əməliyyat etməyiblər? Ümumiyyətlə, ora müraciət olunub? Sualımızı “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevə ünvanladıq:
“Sadəcə, məsləhət oldu ki, bu əməliyyat Türkiyədə həyata keçirilsin. Daha sonra ordakı həkimlərlə danışıldı, razılaşdıqdan sonra proses baş tutdu”.
İLKİN SULTANLI