Bu yaxınlarda AFFA-nın təşkilatçılığı ilə Şamaxı məktəbliləri arasında keçirilən mini-futbol turniri bir anda bütün Azərbaycanda məşhurlaşdı.
Daha doğrusu, bu yarışda uşaqlara təqdim olunan mükafat. Həmin turnirin keçirilməsi, orda qeydə alınan nəticələr heç kimin diqqətini çəkməmişdi. Dağdan ağır futbol veteranlarımızdan olan Vəli Qasımov turnirin qaliblərini mükafatlandırmaq üçün şəxsən AFFA tərəfindən Şamaxıya göndərilmişdi. Amma o boyda kişiyə bir normal kubok, uşaqların boynunda asmaq üçün medallar verməyi unutmuşdular. Elə ona görə də turnirin qalibi olan Şamaxıdakı Avropa liseyinin komandasına kubok əvəzinə helium qazıyla doldurulmuş şar vermişdilər. Yəqin ki, indiyə o şarın qazı qaçıb, özü də şux formasını itirib. Uşaqlar da həmin şarı hara tulladıqlarını unudublar. Halbuki çox cüzi bir xərclə uşaqlara normal xatirə kuboku vermək, onların yaddaşlarına uzun müddət qalacaq xoş təəssürat yaratmaq mümkün idi. Bunun üçün AFFA böyük xərcə də düşməyəcəkdi. Sadəcə, Azərbaycan futboluna ürək yandırmaq, onu sevmək yetərlidi.
Belə tragikomik hadisə bizim futbolumuzda ilk dəfə deyil. Cəbrayılın Cocuq Mərcanlı qəsəbəsi düşmən işğalından azad olunanda, bütün Azərbaycan ora qayıdışımızı bayram edəndə AFFA da geri qalmamağa çalışmışdı. Qəsəbədə UEFA-nın ayırdığı pulla süni örtüklü meydança salınmış, məktəblilərin orda futbol oynayan şəkilləri paylaşılmışdı. Bununla da AFFA Cocuq Mərcanlıya da futbolun qayıtdığına işarə verməyə çalışmışdı. Amma özünüreklam hissi o qədər güclü olmuşdu ki, balaca tifillərə normal forma vermədiklərinin, AFFA-nın anbarındakı geyimlərin balacaların əyninə böyük olduğuna görə biədəb göründüyünün fərqinə varmamışdılar. Biz yazdıq, ictimailəşdirdik, ondan sonra da özlərini təmizə çıxarmağa çalışdılar. Ümid etdik ki, Cocuq Mərcanlıda yaşanan rəzalət dərs olacaq. Sən demə, yanılmışıq. Dərs çıxarsaydılar, Şamaxıda turnirin qalibi adını qazanan uşaqlara kubok əvəzinə içinə qaz doldurulan şar verməzdilər.
Ucuz təbliğat şousunun növbəti dayanacağı bu dəfə Gəncə olub. AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadovla birgə Nizami yurduna gedib. Bu barədə xəbər gözümə dəyəndə çox sevindim. Elə bildim ki, Gəncədə uşaqlar üçün futbol akademiyası istifadəyə verilib, ya da şəhər stadionunda genişmiqyaslı təmir-bərpa işləri başlayıb. Amma işin əslini biləndən sonra sındı qol-qanadım, yanıma düşdü. Bakıdan gələn qonaqlara Gəncə şəhərinin rəhbər şəxsləri də qoşulub. Amma nə futbol akademiyası açıblar, nə də şəhər stadionunda əsaslı təmir işləri başlayıb. Dağdan ağır adamlar əllərinə bir oyuncaq açar götürüblər və Yeni Gəncə yaşayış massivindəki süni örtüklü meydançada əsaslı təmir və yenidənqurma işlərindən sonrakı açılışı qeyd ediblər. Elxan Məmmədovdan süni örtüklü meydançanın rəmzi açarını təhvil alan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, heç şübhə etmirəm ki, bundan sonra nə həmin meydançanın aqibətiylə maraqlanacaq, nə də onun açarının. Kimə lazımdı Gəncə futbolu?! Təkcə Gəncə yox, ümumiyyətlə, Azərbaycan futbolu heç kimə lazım deyil. İsgəndər Cavadov hələ 2013-cü ilin avqustunda Gəncə futboluna kurator təyin olunmuşdu. Həmin vaxt verdiyi müsahibələrin birində belə deyirdi:
“AFFA prezidenti Rövnəq Abdullayev məni Gəncə futboluna kurator təyin etdi. Gəncə futbolunu, “Kəpəz”i əvvəlki vəziyyətinə qaytarmağa çalışacağıq. Bu komandanın rəhbərliyim altında yüksək səviyyədə olmasını istərdim”. Sonrası nə oldu? Cavadov “Kəpəz”i və Gəncə futbolunu əvvəlki vəziyyətə qaytarmaq üçün nə etdi? Heç nə! Onu Gəncədə gözləyirdilər, amma bir gün eşitdik ki, “Bakı”nın o vaxtkı prezidenti Hafiz Məmmədova qoşulub, Fransaya gedib. Belə adamların Gəncə futboluna qara qəpiklik xeyir verməyəcəyini çox gözəl bilirik. Çox təəssüf ki, Gəncə futbolunun da, ümumilikdə Azərbaycan futbolunun da “açarı” indi belə adamların əlindədi. Ümid edək ki, yaman günlərin ömrü çox da uzun olmayacaq. Yoxsa futbolumuzun olan-qalanı da məhvə məhkumdu.
AMAL