Bəlkə də ''Beşiktaş'' fanatları komandada Cermeyn Lens adlı futbolçunun olduğunu çoxdan unudub.
Amma bu təcrübəli oyunçu hələ də müqavilə ilə ''Qartal''a məxsusdu. Lens N'Sakala, Lyayiç və Duqlasla birlikdə əsas komandadan kənarlaşdırılan 4 futbolçudan biridi. 2017/18-dən ''ağ-qaralar''ın şərəfini qoruyan və indiyə qədər bu klubda 102 rəsmi oyuna çıxaraq 12 qol vuran 34 yaşlı niderlandlı hələ ötən mövsümün əvvəlindən əsas komandadan kənarlaşdırılıb. Ötən mövsümün ikinci dövrəsini icarə əsasında ''Fatih Karagümrük''də keçirdikdən sonra Lens yenidən komandaya qayıtmalı və fərdi məşq etməli oldu. Onun illik məvacibi 2,2 milyon avrodu. Başqan Ahmet Nur Çəbi dəfələrlə komandadan kənarlaşdırılan futbolçular barədə ağır ifadələr işlədərək onların karyeralarını pula qurban verdiklərini desə də, bu oyunçular sona qədər ''Beşiktaş''da qalmaqda qərarlıdı.
Bu arada Lens susqunluğunu pozaraq ESPN kanalına açıqlamalar verib:
''Beşiktaş''la müqaviləmin müddəti mövsümün sonunda bitəcək. Bir ildən çoxdu fərdi məşq edirəm. Mənim durumum təxminən 2 il öncə dəyişdi. Komandadan uzaqlaşdırıldım. Sonra başqa kluba icarəyə verildim və müddət tamam olandan sonra geri döndüm. Həm yayda, həm də bu qış bəzi təkliflər var idi. Amma anlaşmaq mümkün olmadı. Bu məsələdə heç kimi günahlandırmaq, heç kimə qara yaxmaq istəmirəm. Burdan ayrılandan sonra da bunu etməyəcəm. Bir qədər qəribə vəziyyət yaranıb. Çünki maaşımı əsas gətirərək məndən ayrılmaq istəyirlər. Bu üzdən bu durumda düşünmək olardı ki, ''Beşiktaş'' gələn hər təklifdən ikiəlli yapışaraq məni göndərməyə razı olacaq. Amma heç də belə deyil. ''Beşiktaş''ın hələ də mənə maraq göstərən klublardan müəyyən tələbləri oldu. Ona görə də nə başqa kluba icarəyə keçə bildim, nə də transfer olundum. Bəli, indiki qazancım pis deyil. Əvvəl düşünürdüm ki, bu qazancımdan hətta 10 faiz az təklif edən klubda da oynamaram. Amma indi bu düşüncəm dəyişib. İndi hər gün fərdi məşqçinin başçılığı altında məşq edirəm. Futbol oynamaq üçün darıxıram. Başqa işlər də görürəm. İllərdi daşınmaz əmlak sahəsinə sərmayə qoyuram. Amma bu işlərlə məşğul olmaq üçün hələ çox zamanım olacaq. Mən hələ də peşəkar futbolçuyam və 34 yaşım var. Artıq karyeramın sonuna yaxınlaşdığım üçün hələ bir müddət də oynamaq istəyirəm''.