Futzal üzrə yüksək liqanın 14-cü turunda gözlənilməz hadisə yaşanıb.
Belə ki, "Neftçi” İK - "Xilə" qarşılaşması qonaq komandanın qapıçısı İmran Məhərrəmovun zədələnməsi səbəbindən yarımçıq dayandırılıb. 2-ci dəqiqədə xəsarət alan qolkiper oyunu davam etdirə bilməyib. "Xilə"nin ehtiyat qapıçısı olmadığına görə hakimlər matçın davam etdirilməsinə icazə verməyiblər. Görüşün nəticəsi barədə AFFA İntizam Komitəsi qərar verəcək.
Qeyd edək ki, bu, "Xilə"nin başına gələn ikinci belə hadisədi. Ölkə kubokunun 1/8 finalında qəsəbə təmsilçisinin “Forza Neftçi” ilə oyunu da yarımçıq dayandırılıb. Onda da “Xilə”nin qapıçısına tibbi yardım göstərilməsi üçün həkim meydana daxil olub və qaydalara görə qapıçı sahəni tərk edib.
Heç şübhəsiz, bu, çempionatı təşkil edən qurum adına biabırçı olaydı. Bir komandanın heyətinə ehtiyat qapıçı dəvət etməyə imkanı çatmırsa, onun yüksək liqada nə işi var? Görəsən, premyer-liqada olduğu kimi, yüksək liqada çıxış edən kollektivlər də mövsümün əvvəlində Futzal Federasiyasına zəmanət məktubu verir, yoxsa adı yüksək liqa olan, özü heç həvəskar liqa səviyyəsində olmayan çempionatın qapıları hamı üçün açıqdı?
Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov yaşananlara belə münasibət bildirdi:
“Xilə” yayda federasiyaya yüksək liqada oynamaq istəyi ilə bağlı müraciət edərkən layihə də təqdim etmişdi. Məqsədləri əsasən gəncləri heyətə cəlb etmək, pillə-pillə irəliləmək, eyni zamanda gəncləri futzalımıza qazandırmaq idi. Federasiya da onlara yol açdı. Amma sonra sponsorla bağlı problemləri yarandı. Təbii ki, maliyyə ilə bağlı problem olan yerdə işlər heç vaxt arzuladığın şəkildə davam edə bilməz. Qış fasiləsində də heyətə yetərincə oyunçu cəlb edə bilmədilər. Bunun acısını də fasilədən sonrakı oyunlarda yaşayırlar. Komanda üzvlərindən ikisi ötən turda - Record club.az ilə matçda qırmızı vərəqə aldı ki, onlardan biri də əsas qapıçı idi. Dünənki (srağagünkü) qarşılaşmaya isə 1 qapıçı, 5 meydan oyunçusu ilə gəlmişdilər. Matçın 2-ci dəqiqəsində ikili mübarizə zamanı qolkiper zədələndi və həkim ona tibbi yardım göstərmək üçün meydana daxil oldu. Yeni oyun qaydalarına görə, belə olan təqdirdə futzalçı mütləq meydanı tərk etməlidi. Qapıçı meydanı tərk edirsə, digər qapıçı və ya beşinci oyunçu kimi istifadə olunan futzalçı “çərçivə”yə keçməlidi. “Xilə”də isə nə ehtiyat qapıçı, nə də beşinci oyunçu üçün qapıçı forması olduğundan, hakimlər qaydalara uyğun oyunu dayandırdılar. Əlbəttə, bizim üçün yaxşı hal deyil. Ancaq mövcud vəziyyət belədi. Bu, “Xilə” üçün ikinci belə haldı. Qərarı İntizam Komitəsi verəcək. Klub rəhbərliyi ilə bununla bağlı söhbət olacaq. Belə qeyri-ciddi, həvəskar yanaşma dəyişməlidi. Bilirsiz ki, futzal klubları ilə bağlı lisenziyalaşdırma prosesi aparılmır. Bu təkcə bizdə yox, demək olar, bütün ölkələrdə belədi. Bir həftə əvvəl Rusiyada da iki klub maliyyə çatışmazlığı üzündən çıxışını dayandıracağı ilə bağlı federasiyaya müraciət edib. Yəni neqativ hallar hazırda əksər ölkələrdə var. Futzal Federasiyasının da hansısa klubu maliyyələşdirəcək, ona yardım edəcək qədər büdcəsi yoxdu. Zatən çempionatın təşkili zamanı bütün xərcləri federasiya ödəyir. Bura zalların icarə haqqından tutmuş oyunun həkimlə təmin olunmasına qədər çox şey daxildi. Həmçinin legionerlərə, çempionatda iştiraka, sarı və qırmızı vərəqələrə görə heç bir klubdan ödəniş alınmır. Rəmzi olaraq 1-ci və 2-ci liqa komandalarına 200 manat ödəniş tətbiq olunur ki, bu da cüzi məbləğdi”.
RƏŞAD