Premyer-liqada 17-ci turun oyunlarına yekun vuruldu. Görüşlərdən biri də “ASCO Arena”da baş tutdu.
“Səbail” doğma azarkeşləri önündə “Zirə”yə 0:1 hesabıyla uduzdu. Mövsümün ilk yarısında kreativ addımları ilə özündən söz etdirən “49” fanklubu bu dəfə də fərqləndi. Azarkeş qrupu, azsaylı olmalarına baxmayaraq, Ukraynaya dəstək məqsədilə müəyyən pankartlar gətirmişdi. Lakin stadionda olan polislər buna qarşı çıxdılar. Fanatlar istəyinə, sadəcə, 5-6 dəqiqə ərzində çata bildi.
Məsələ ilə bağlı “49” azarkeş qrupunun həmtəsisçisi Asiman Qocayevlə danışdıq:
“Çox ciddi şəkildə mane olmağa çalışdılar. Uzun müddət mübarizə apardıq. Bizim pankartları aparmışdılar. Danışıqlar apardıq ki, bu da təxminən 30 dəqiqə çəkdi. Sonda geri ala bildik. Bizə şərt qoydular ki, sadəcə, 5-6 dəqiqə açıq qala bilər. Belə münasibətin səbəbi odu ki, biz futbola standartlardan kənar azarkeşlik gətirdik. İstər AFFA-nın, istərsə də PFL-in alışdığı, sabit şüarları olan azarkeş toplusu var idi. Biz yumoristik, tənqidi azarkeşlik gətirmişik. Sosial məsələlərə etinasız yanaşmayan fanat toplusuyuq. Bu da qeyri-standart olduğuna görə onlar tərəfindən yad anlayış kimi qəbul olunur. Həm maraqlanırlar, həm də ehtiyatlanırlar. Nədən ehtiyatlandıqlarını heç özləri də bilmir. Cəmiyyətimiz həmişə yeniliklərə neqativ mənada həssas yanaşıb. Neçənci dəfədi belə problemlərlə üzləşirik. Hər dəfə izah edirik ki, bunu niyə yazmışıq, mənası nədi. Halbuki bunu etməli deyilik”.
Oyunda diqqətimizi bir məqam da çəkdi. Belə ki, sayı 50-dən çox olan “Dənizçilər”in yanında 1, amma 6-7 nəfər olan “49”un yanında 3-4 polis var idi. Bunun səbəbini də Qocayevdən soruşduq:
“Açığı, heç birimizin o fanqklubla əlaqəsi yoxdu. Amma düşünürük ki, onlar klubla əlaqəli şəkildə fəaliyyət göstərirlər. Çünki dəfələrlə görmüşəm ki, klub rəsmiləri onlarla yan-yanadı. Bir sözlə, müstəqil deyillər. Orda oturmayın, burda oturun, o pankartı açmayın, bu pankartı açın... Biz isə müstəqilik. Üzvlərimiz ictimai fəal insanlardı, vətəndaş məsuliyyəti olan şəxslərdi. Bir sözlə, bizlə çox ehtiyatlı davranırlar”.
Açıqlamada adı keçən “Dənizçilər”in də mövqeyini öyrəndik. Sualımızı fanklubun rəhbəri Atif Rüstəmliyə ünvanladıq:
“49”un dedikləri ilə razı deyiləm. Fanklublar arasında heç bir dini, siyası atributlar olmamalıdı. Çünki bura komandanı dəstəkləməyə gəlirik. Klubla yaxınlığımıza gəlincə, mən dənizçiyəm,burda yaşayıram. Dənizçi olduğum üçün fanklubun adını belə qoydum. Çox vaxt dənizçilər gəlir bura. Bizim klub rəhbərliyi ilə o qədər də əlaqəmiz yoxdu. Sadəcə, dəstək olmaq istəyəndə baraban istəyirik onlardan. Aramızda heç bir pul söhbəti yoxdu. Stadiona gələn hər kəs dənizçidi. “49”a fanklub demək olmaz. Onlar, sadəcə, qrupdu. Neçə ildi yox idilər. Bu il çıxıblar ortaya. Fikrimcə, onlar siyasi məqsədlər üçün qatılırlar bu oyunlara. “Niyə “Səbail”ə azarkeşlik edirsiz” soruşanda cavab verə bilmirlər. Çünki aralarında Səbaildən kimsə yoxdu. Biz də deyək ki, Səbaili sevir, burda yaşayır, onun üçün gəlib. Dediyim kimi, bizim “Səbail”in rəhbərliyi ilə əlaqəmiz yoxdu. Arada maddi nəsə lazım olanda, müraciət edirik. Onlar da sağ olsun, kömək edirlər. Çünki görürlər ki, biz həmişə dəstək oluruq. Hətta son matçda oyunçularımızı fitə basdıq. Lazım olanda bunu edirik. İndiyə qədər niyə susurduq? Bilirik ki, klub maddi cəhətdən də zəifdi. Futbolçuların peşəkarlığı da zəifdi. Ona görə klubun yüksək pillələrdə qərarlaşmayacağını bilirdik. Amma meydanda qaçmaq lazımdı. Baxırıq, qaçmırsa, mübarizə aparmırsa, onda iradımızı bildiririk. O ki qaldı Ukraynaya dəstək məsələsinə, bunu etsək, bəs Suriyada, Fələstində yaşananlar necə? Onlara göz yummuş oluruq belə edəndə. Ona görə də bunu etmirik. Biz yüz fikirləşib, bir edirik. Polislər bizim də yanımızda olur. Sadəcə, aşağıda dururlar. Çox vaxt bilirik ki, uşaqlar meydana düşürlər, qaçırlar. Bu üzdən polislər aşağıda dururlar. Azad azarkeş qrupu olaraq biz polisləri tribunada istəmirik. Çünki həmişə onlarla problemlərimiz olub. Əvvəllər polislərlə mübahisələrimiz çox olurdu. Gəlib önümüzü kəsirdilər. Biz də etiraz edirdik. İndi də var, amma bir az aşağıda”.
GÜNAY VƏLİYEVA