La Liqada hesabat turu nəhənglərin qələbəsi ilə yadda qaldı.
“Barselona” “Atletik”i darmadağın etdi, “Real”, “Atletiko” və “Sevilya” da hesabına 3 xal yazdı. Ümumiyyətlə, çempionluq yolunda favoritlər bəlli olsa da, avrokuboklara vəsiqə uğrunda mübarizə də sona qədər gərginlik vəd edir.
Hesabat turunda “Real” minimalhesablı qələbə qazandı. “Rayo Valyekano” liderlə ev oyunu ərəfəsində ardıcıl 4 məğlubiyyətlə üzləşmişdi. Bu seriya davam etdi. Asensio debütdə iki əlverişli imkanı boşa verdi. Ardından özünə gələn “arılar” Kurtuanın qapısı önündə müntəzəm təhlükəli vəziyyətlər yaratmağa başladı. Bebe qapı torunu yandan silkələdi, Qvardiolanın baş zərbəsi qapının üstündən keçdi. Hissənin ortalarında Zidan Asensionun daha bir hiyləgər zərbəsinin qarşısını aldı. Fasilə ərəfəsində Kazemiro fərqlənsə də, hakim şübhəli ofsayd üzündən qolu qeydə almadı. 2-ci hissədə təhlükəli vəziyyətlərin sayı az oldu. Kurtua üç dəfə komandasını qoldan xilas etdi. “Real” isə qol istəyinə 83-cü dəqiqədə çatdı. Podriqo topu ələ keçirdi, Vinisiusla Benzema “divar pası” oynadı və fransalı hesabı açdı. Ümumilikdə “ağır” görünən “Real”ın belə oyunla PSJ-ni keçməsi çətin olacaq. Növbəti məğlubiyyəti alan “Rayo” isə turnir cədvəlində bir pillə də gerilədi.
“Sevilya” cari mövsümdə ikinci dəfə “Betis”i məğlub etdi. “Ramon Sançes Pisxuan”a toplaşanlar iki fərqli hissə izlədi. Meydan sahibləri debütdə qonaqlara göz açmağa imkan vermədi. Navas və Ən-Nəsiri Bravonun qapısına yol tapa bilmədi, daha bir zərbənin qarşısını Bartra aldı. Hissənin ortalarında Lopeteqenin komandası istəyinə çatdı: Ən-Nəsiri qarşı kobudluğa görə təyin olunan penaltini Rakitiç qola çevirdi. Hissənin sonunda “qırmızı-ağlar” fərqi artırdı. Meydana 30-cu dəqiqədə çıxan Munir Bravonu topu tordan çıxarmağa məcbur etdi. Gözlənildiyi kimi, 2-ci hissə “Betis”in diqtəsi altında keçdi. Amma Pelleqrininin komandası qol vəziyyətləri yaratmaqda çətinlik çəkirdi. Bartra, Ruibal və Morenonun qeyri-dəqiq zərbələri, Bununun Telyonun zərbəsinə möhtəşəm reaksiyası yadda qaldı. Final fitinə dəqiqələr qalmış “Betis” qollardan birinin əvəzini çıxdı. Kanales cərimə zərbəsi ilə qapıya yol tapdı. “Real”dan 6 xal geriliyin artmasına imkan verməyən “Sevilya”, demək olar ki, “Betis”i 2-ci yer uğrunda mübarizədən uzaqlaşdırdı. “Atletiko”, “Barselona” və “Vilyarreal”ın isti nəfəsini kürəyində hiss edən sevilyalılar artıq 3-cü yeri qorumaq haqda düşünməlidilər.
İspaniya kubokunda yarımfinalın cavab görüşünə hazırlaşan “Atletik” artıq cari mövsümlə bağlı prioriteti müəyyənləşdirib – baskların lider oyunçuları “Barselona” ilə oyunda ehtiyatda qalmışdı. Qarışıq heyət hətta fasiləyə qədər davam gətirmədi. Kornerlərdən biri qola səbəb oldu. Pikenin tirdən dönən zərbəsindən sonra özünü topa yetirən Obameyanq hesabı açdı. 2-ci hissənin əvvəlində kataloniyalılar fərqi artırmaqda çətinlik çəkdi – Torres oyundaşlarının əziyyətini yerə vurururdu. Ancaq Xavinin əvəzetmələri oyunu canlandırdı. Frenki de Yonq və Dembele 2-ci qolu təşkil etdi. Sona yaxın qısa oyun vaxtı qazanan Lük de Yonqla Depay da hərəyə bir qol vurdu. Hər iki qolda Dembele assistentlik etdi. Odu ki, bu darmadağın fransızla vaxtında yerdəyişmələr edən Xavinin adına yazılmalıdı. Basklar onsuz da oyunu yola vermək niyyətindəydi, sadəcə, cəzaları ağır oldu. “Barsa” isə ÇL-ə vəsiqə uğrunda mübarizəni davam etdirir.
“Selta” 2018-dən bəri “Atletiko”ya qalib gələ bilmir. Görünür, bir qədər də gözləmək lazımdı. Axı “hindular” növbəti dəfə qalisiyalıları məğlub etdi. Lodi dubl etdi, Kondoqbia hər iki halda məhsuldar ötürmə ilə yadda qaldı. Meydan sahibləri fasiləyə qədər çox ləng tərənirdilər, hiss olunurdu ki, səviyyə hesabına qalib gəlmək istəyirlər. Elə belə də oldu. “Selta” pis oynamasa da, Oblakı ciddi şəkildə oyuna qoşa bilmirdi. Madridlilər 60-cı dəqiqədə fərqi artırandan sonra oyunun taleyi müəyyənləşdi. Xalını 45-ə çatdıran çempion müvəqqəti 4-cü pilləyə yüksəldi.
Turun qalan oyunlarına gəlincə, “Vilyarreal” Pinonun pokeri sayəsində “Espanyol”u, aşkar autsayder “Levante” “Elçe”ni darmadağın etdi. “Valensiya” və “Real Sosyedad” yeganə qolla qələbə qazandı. “Xetafe” “Alaves”lə ev oyununda iki dəfə hesabda geri düşsə də, Enes Ünal hər dəfə səhnəyə çıxaraq, komandasının uduzmasına imkan vermədi.
26-cı tur
Rayo Valyekano – Real 0:1
Benzema, 83. (9952)
Real: Kurtua, Mendi, Naço, Militao, Karvaxal, Kroos, Kazemiro (Valverde, 61), Modriç (Sebalyos, 88), Vinisius (Kamavinqa, 88), Asensio (Rodriqo, 80), Benzema.
Sevilya – Betis 2:1
Rakitiç, 24-p. Munir, 41 – Kanales, 90+4. (37250)
Sevilya: Bunu, Akunya (Auqustinsson, 81), Karlos (Qudel, 46), Fernando, Navas, Rakitiç, Dileyni, Xordan (Torres, 76), Qomes (Munir, 30), Korona, Ən-Nəsiri (Mir, 81).
Barselona – Atletik 4:0
Obameyanq, 37. Dembele, 73. L.de Yonq, 90. Depay, 90+3. (69770)
Barselona: Ter Ştegen, Dest, Pike, Arauxo, Alves, Pedri, Buskets (Niko, 87), Qavi (F.de Yonq, 67), Torres (Dembele, 67), Traore (Depay, 82), Obameyanq (L.de Yonq, 87).
Real Sosyedad – Osasuna 1:0
Elustondo, 52. (7457)
Real Sosyedad: Remiro, Elustondo, Paçeko, Le Norman, Qorosabel (Portu, 82), İllyarramendi (Subimendi, 71), Merino, Martin (Oyarsabal, 60), D.Silva, Cuahra (Subeldiya, 71), İsak (Sörlot, 71).
Atletiko – Selta 2:0
Lodi, 36; 60. (48009)
Atletiko: Oblak, Mandava, Ximenes, Saviç, Lodi (De Paul, 63), Kondoqbia (Lemar, 68), Errera, M.Lyorente (Karrasko, 64), Vrsalko, Feliş (Suares, 72), Korrea (Qrizmann, 64).
Vilyarreal – Espanyol 5:1
Pino, 14; 20; 45; 53. Dia, 86 – Bare, 65. (15600)
Vilyarreal: Rulyi, Estupinyan, Torres (Mandi, 46), Albiol, Orye, Triqeros, Kapu (İborra, 63), Parexo, Pino (Çukvueze, 75), Qruneveld (Dia, 76), Lo Çelso (Qomes, 63).
Levante – Elçe 3:0
Morales, 37. De Frutos, 67. Melero, 90. (14237)
Malyorka – Valensiya 0:1
Paulista, 4. (14417)
Valensiya: Mamardaşvili, Alderete, Paulista, Diakabi, Fulkye, Raçiç (Gilyamon, 77), Soler (Comərt, 90+1), Musa (Koşta, 78), Xil (Andre, 90+1), Duro (Moriba, 57), Qomes.
Xetafe – Alaves 2:2
Ünal, 55; 72 – Eskalante, 45+1. Mendes, 56. (7720)
Qranada – Kadis 0:0
1. Real 26 18 6 2 52-20 60
2. Sevilya 26 15 9 2 39-18 54
3. Betis 26 14 4 8 48-32 46
4. Barselona 25 12 9 4 46-28 45
5. Atletiko 26 13 6 7 47-34 45
6. Vilyarreal 26 11 9 6 47-25 42
7. Real Sosyedad 25 11 8 6 25-25 41
8. Atletik 26 9 10 7 29-25 37
9. Valensiya 26 8 9 9 38-42 33
10. Selta 26 8 8 10 29-28 32
11. Osasuna 26 8 8 10 25-31 32
12. Rayo Valyekano 25 9 4 12 28-30 31
13. Elçe 26 7 8 11 28-37 29
14. Espanyol 26 7 8 11 31-40 29
15. Xetafe 26 6 9 11 26-30 27
16. Malyorka 25 6 8 11 23-39 26
17. Qranada 25 5 9 11 27-40 25
18. Alaves 26 5 7 15 21-44 21
19. Kadis 25 3 12 11 21-39 21
20. Levante 26 3 9 14 28-51 18
Bombardirlər: Benzema (Real) – 18, Xuanmi (Betis), De Tomas (Espanyol), Vinisius (Real), Ünal (Xetafe) - 13.
Növbəti turun oyunları martın 4-7-si aralığında keçiriləcək: Alaves – Sevilya, Osasuna – Vilyarreal, Espanyol – Xetafe, Valensiya – Qranada, Real – Real Sosyedad, Kadis – Rayo Valyekano, Elçe – Barselona, Selta – Malyorka, Betis – Atletiko, Atletik – Levante.