Ölkə çempionatının 17-ci turu çərçivəsində "Səbail" "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.
"Football-plus.az" saytının məluatına görə, matçdan sonra baş tutan mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Aftandil Hacıyev oyun haqda bunları deyib:
"Maraqlı oyun alındı. Futbolçularım bu gün meydanda sonadək mübarizə apardılar. Bu oyunun nəticəsini elə 0:1 təxmin etmək olardı. İlk dəqiqələrdən hər iki komanda həm müdafiədə, həm hücumda çox diqqətli oynamağa üstünlük verirdi. Birinci hissədə buraxdığımız yeganə səhvdən gözləmədiyimiz anda qapımızda qol gördük. "Zirə"yə çempionatda ən intizamlı komanda desək, yanılmarıq. Rəqibin müdafiəsini yarmaq bizim üçün olduqca çətin oldu. Ümumən futbolçuların hər iki hissədə oyuna yanaşması, çəkinmədən topla oynaması, hücumda istədiyimiz variantları cəhd etməyə çalışması bizi razı saldı. Əvvəlki matçlarla müqayisədə oyunumuzda inkişaf hiss olunur. Bunu nəticəyə çevirmək bizim üçün çətin olur. Rəqiblərlə heyəti müqayisə etdikdə ustalıq səviyyəsi açıq-aşkar meydanda hiss olunur. Amma bu gün futbolçular bunu hiss etdirməməyə çalışdılar. Ümumən oyunçulardan razı qaldıq. Qısa müddətdə bərpa olunub növbəti oyuna hazırlaşmalıyıq. "Zirə"ni təbrik edirəm. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparmasını komandanın oyunundan sezmək olar. Onlara uğurlar arzu edirəm. Biz isə növbəti oyuna köklənməliyik".