İspaniya çempionatında Enes Ünal fırtınası əsməkdə davam edir.
Dünən La Liqanın 26-cı turu çərçivəsində ''Xetafe'' ''Alaves''i qəbul etdi. Qonaqlar 2 dəfə hesabda önə keçsələr də, hər iki halda Enes bərabərlik qolunu vurdu və görüş 2:2 hesabı ilə başa çatdı. Ştefan Kunts tərəfindən Türkiyə yığmasına dəvət alacağı gözlənilən 24 yaşlı forvard bu aralar inanılmaz formadadı. O, son 4 turun 3-də dubl edib! ''Xetafe''nin 2022-də çempionatda vurduğu 14 qolun 8-nin müəllifidi. Ən maraqlısı odu ki, ilk 10 turda fərqlənə bilməyən Ünalın hazırda aktivində 13 qol var və o, 19 qollu Kərim Benzemadan sonra bombardirlər yarışında 2-ci pillədə qərarlaşıb. Enes bu mövsüm noyabr və yanvarda fanatlar tərəfindən ''Xetafe''nin ən yaxşı oyunçusu seçilib.