Ölkə çempionatının 17-ci turunun ilk oyununda “Neftçi” səfərdə “Sabah”a 1:0 hesabı ilə qalib gəlib.
"Football-plus.az" saytının məlumatına görə, qarşılaşmadan sonra meydan sahblərinin baş məşqçisi Murad Musayev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
“Çox yaxın, gərgin mübarizə oldu. Hər iki komandanın şansları var idi. Təəssüf ki, 3 oyundur ki, eyni ssenari baş verir. İlk yarıda yaxşı oynayırıq. İkinci yarının əvvəlində rəqibin ilk hücumundaca asan qol buraxırıq. Təəssüf ki, geridönüş edə bilmədik. Halbuki yaxşı qol epizodlarımız var idi. Məyusedicidi ki, "Neftçi”nin bir təhlükəli epizodu oldu və qolla yekunlaşdı. Bu da ustalıqdı ki, bir epizoddan yararlanırsan".
- Razısız ki, meydanda lider çatışmır?
- Hazırda açıq şəkildə danışmaq istəməzdim. Bu, komandamızın daxili işləridi.
- İstədiyiniz komandanı formalaşdırmısız, yoxsa hələ vaxt lazımdı?
- 3 oyun uduzmuşuq. Əlbəttə ki, baş verənlərə görə razı ola bilmərəm. Belə çıxır ki, istədiyimi tam formalaşdıra bilməmişəm.
- Dediz ki, ilk yarıda yaxşı oynayırsız, ancaq məğlub olursuz. Buna səbəb nədi?
- Yəqin ki, səbəb düşüncəmizdədi. İlk yarıda yaxşı oynayıb, ikinci hissədə konsentrasiyanı itirmək beynimizlə bağlıdı. Bu problem son 3 oyunda qələbədən edir.
- Demək olar ki, “Sabah” artıq avrokuboklar şansını itirib?
- Obyektiv olsaq, bəli dediyiniz kimidi. Şanslarımız çox azdı. Oyunçu itkiləri də öz təsirini göstərir. Kristian Sebalyos 4 aydı yoxdu. Xulio Rodriqes, Xuan Kamaranın yoxluğu da hücumdakı kəsərin azlığına səbəb olur. Çətin ki, qarşıdakı oyunda onları meydanda görək.