“Brentford”un yeni transferi Kristian Eriksen karyerasını bərpa edib!
Onun başına gələn əhvalat artıq çoxlarına bəllidi. Pandemiyaya görə birillik təxirəsalma ilə ötən yay baş tutan AÇ-2020-nin qrup mərhələsinin iyunun 12-də keçirilən Danimarka – Finlandiya matçında huşunu itirən Erikseni 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu. Ürəyində əməliyyat keçirən və bu orqanına kardioverter-defibrillyator qoyulan danimarkalı futbolçu uzun müddət idi yaşıl meydanlarda görünmürdü. Qeyd edək ki, İtaliya Səhiyyə Nazirliyi ürəyində bu aparat olan idmançıların ölkə daxilində hər hansı turnirdə iştirakına qadağa qoyub. “İnter” rəhbərliyi bu səbəbdən dekabrın 17-də Eriksenlə müqaviləni qarşılıqlı razılıq əsasında pozmuşdu.
Onun “Brentford”da rəsmi debütü fevralın 26-na təsadüf edib. Kristian premyer-liqanın “Nyukasl” ilə oyununun 52-ci dəqiqəsində meydana çıxıb. Bununla da məşhur futbolçunun 259 günlük həsrəti sona çatıb!