“Qarabağ” Konfrans Liqasında mübarizəni “Marsel”ə doğma meydanda 0:3 uduzmaqla vidalaşdı.
Ancaq hesab fərqli də ola bilərdi. Çünki 34-cü dəqiqədə Vacinin əllə vurduğu qoldan sonra referi mərkəzi göstərsə də, Qurban Qurbanov futbolçusundan həqiqəti deməsini istədi. Vaci də qolu əllə vurduğunu etiraf etdi. Bu da hakimin imicinə ciddi zərbə vurdu.
Görəsən, ümumilikdə oyun ərzində polşalı hakimlər briqadası ədalətin keşiyində necə dayanıb? Bunu öyrənmək üçün Tahir Süleymanovla danışdıq. Beynəlxalq dərəcəli hakimi dinləyək:
“Tək Fransanın yox, Avropanın adlı-sanlı klublarından sayılan "Marsel" Bakıda "Qarabağ"a qarşı ilk dəqiqələrdən 5-li müdafiəyə üstünlük verdi. Dayaq bölgəsində də 4-lü ön müdafiə xətti qurulmuşdu. İlk görüşün nəticəsi və "Qarabağ"ın gücü, oyun üslubu "Marsel"i belə taktiki düzülüşlə oynamağa vadar etmişdi. Rəqib meydanın mərkəzini ağdamlılara verərək əks-hücumlara bel bağlayırdı. Belədə oyunun sürəti yüksək deyildi və hakimlər briqadası üçün idarəçilik çətinlik yaratmırdı. Futbolçuların bir-birinə münasibəti, meydanda davranışı yüksək idi, ciddi kobudluqlara yol verilmirdi. Frankovski matça yaxşı nəzarət edir, verdiyi qərarlar yerində olurdu. Marsellilər hesabı açandan sonra daha da qapandılar. Orta temp baş hakimi arxayınlaşdırırdı. Matçın kulminasiya nöqtəsi Vacinin "voleybol zərbəsi" ilə qapıçının "blok”unu yarması oldu. Hakimlik adına adi epizod idi və referinin görməməsi təəccüb doğurur. Maradonanın ingilis qapıçı ilə mübarizədə "tanrı əli" kimi gizlədilmiş hərəkət deyildi. Vaci başla topa çatmadığına görə açıq əllə fransızların kapitanına rahat topu qəbul etməyə imkan vermədi. Bu tərzdə qapıdan keçirilən topun qol olaraq qeydə alınmasını hücumçu özü gözləmirdi. Hamının gördüyü əli hakimlər briqadası gözdən qaçırmışdı. Rəqib futbolçular davamlı hakimə etiraz edir, yaxasından əl çəkmirdilər. Bu amil sonrakı addımın atılmasında həlledici rol oynadı. Oyun bərpa olunmur, meydanda şübhələr daha da çoxalırdı. Etirazların səngimədiyini görən "Qarabağ"ın çalışdırıcısı kapitanla hücumçunu yanına çağıraraq epizodu dəqiqləşdirdi və öz ziyanlarına olsa da, ən doğru qərar verildi. Mərkəzdən oyun bərpa olunana kimi hakim qaydalara uyğun verilən qərarını dəyişmək imkanına malikdi. Matçdan sonra "Marsel"in baş məşqçisi Sampaolinin epizodla bağlı özünə və həmkarı Qurban Qurbanova verdiyi qiymət yetərlidi. Düşmənpərəst Fransaya, ermənilərin məskunlaşdığı Marselə Azərbaycanədalətinin necə olduğu göstərildi. Siyasi, psixoloji, milli baxımdan meydanda qazanıla biləcək qələbədən daha böyük addım idi. Baş hakim adi epizoddakı səhvinin məşqçi-futbolçular tərəfindən aradan qaldırılmasının təsiri altından matçın sonuna kimi çıxa bilmədi. Artıq start fitindən meydanda özünəinamı ilə seçilən referidən əsər-əlamət qalmamışdı. Psixoloji cəhətdən özünü itirən baş hakimin bəxti gətirdi ki, "Qarabağ" yaratdığı imkanlardan istifadə edə, cavab topunu vura bilmədi. Əks halda hakimlər briqadasının işi çətinləşəcəkdi. "Qarabağ" böyük hesabla uduzsa da, oyunda ədaləti Qurban Qurbanov və yetirmələri təmin etdi. Buraxılan 2-ci qoldan sonra isə meydanda, ümumiyyətlə, hakimə ehtiyac qalmamışdı”.
SƏNƏM FƏRHADOVA