Rəşad Əhmədov uzun müddətdi oyunlara təyinat almır.
Bir müddət öncə referinin imtahandan kəsildiyini yazmışdıq. Bu səbəbdən də Frits Stuxlik ona təyinat vermir. Avstriyalı mütəxəssis bu məsələ ilə bağlı rəsmi müraciətimizə isə bunun hakimliyin daxili kodeksi olduğunu bildirməklə kifayətlənir.
Görəsən, Rəşad Əhmədovun cəza müddəti nə zaman bitəcək? Referi oyunlara təyinat alacaq? Sualları yenidən AFFA Hakimlər Komitəsinin rəhbərinə ünvanladıq. Cavab həmişəki kimi oldu:
"Oyunlara təyinatla bağlı ictimaiyyətə açıqlama vermirik. Bu, hakimliyin daxili kodeksidi".
Göründüyü kimi, Rəşad Əhmədovun cəzası ilə bağlı Hakimlər Komitəsindən heç nə öyrənə bilmirik. Avstriyalı mütəxəssisin rəhbər olduğu qurumdan sirr çıxmır. Fakt odu ki, Rəşad oyunlara təyinat almır. Bunun səbəbini öyrənmək üçün onun atası, AFFA nümayəndəsi Rövşən Əhmədovla əlaqə saxladıq. O, geniş şərh verməyib, yalnız bunları söylədi:
“Ümid edirəm ki, növbəti aydan oyunlara təyinat alacaq. Allah bütün cavan hakimlərə cansağlığı versin. Bütün referilərə uğurlar arzulayıram. Sizə də təşəkkür edirəm ki, oğlumu diqqətdə saxlayırsız, onun işini qiymətləndirirsiz. Allah köməyinizdə olsun. Bəzi saytlar informasiyanı dəqiqləşdirmədən ağıllarına nə gəlirsə, yazırlar. Bu, etik qaydalara sığmır. Onların cavabını vermək istəmirəm. Çünki yazdıqlarına görə nəsə desəm, səviyyələrinə düşmüş olaram. Oğlum cavan hakimdi. İnşallah, karyerasını davam etdirəcək. Burda qəliz nəsə yoxdu. Sadəcə, fikrimizi öyrənməmiş nə gəldi yazırlar. Özləri bilər. İnşallah, oğlum martdan oyunlara təyinat alacaq”.
İLKİN SULTANLI