“Keşlə”nin “Şamaxı” olması yönündə işlər sürətlənməkdədi.
AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov yerli mediaya açıqlamasında artıq klubun yeni loqosunun UEFA-ya göndərildiyini açıqlamışdı. Görünən odu ki, yaxın vaxtlarda paytaxt təmsilçisi Şamaxıya köçəcək. Rəsmi açıqlamalar bunu deməyimizə əsas verir. Görəsən, addəyişmə prosesinin təsdiqlənməsi nə zaman baş verəcək? UEFA bununla bağlı qərarı nə vaxt qəbul edəcək?
Suallarımızı Elçin Məmmədov belə cavabladı:
“Biz də gözləmə mövqeyindəyik. UEFA-da bu məsələ ilə bağlı iclas olmalıdı. Düşünürəm ki, bu proses aprelə qədər də çəkə bilər. Rəsmi qərar bizə göndəriləndə AFFA-nın saytı vasitəsi ilə ictimaiyyətə bu barədə məlumat verəcəyik”.
AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri “Keşlə”nin Şamaxıda ev oyunlarının keçirməsinin klubunun qərarından asılı olduğunu bildirdi:
“Premyer-liqa matçlarının bu şəhərdə keçirilməsi üçün UEFA-nın icazə verməsinə gərək yoxdu. “Keşlə”nin Şamaxıya nə vaxt köçəcəyini klubdan öyrənə bilərsiz. Burda lisenziyalıq nəsə yoxdu. Biz göndərdiyimiz müraciət avrokubok matçları üçün lazımdı. Çünki UEFA-ya klubun Avropa turnirlərinə vəsiqə qazanacağı təqdirdə, 3 illik fəaliyyət göstərmək qaydasını istina etməsi üçün müraciət etmişik. Premyer-liqa matçları PFL tərəfindən təşkil olunur. UEFA-dan bu məsələ ilə bağlı hansısa qərar gözləmək lazım deyil”.
İLKİN SULTANLI