Bugünlərdə AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov mətbuata “Keşlə”də audit yoxlaması aparıldığı barədə məlumat verib.
Onun sözlərinə görə, bu, klubun adının dəyişdirilərək "Şamaxı" adlandırılması üçün lazım olub. Məmmədov həmçinin "Şamaxı"nın loqosunun hazırlanaraq Avropa futbol qurumuna göndərildiyini söyləyib. AFFA rəsmisi yeni klubun loqosunun sələfinin loqosuna bənzədiyini də diqqətə çatdırıb.
Paytaxt klubunda gedən son proseslər barədə məlumat əldə etmək üçün “qırmızı-ağlar”ın mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla əlaqə saxladıq:
“Elçin müəllimin söylədiklərini mən də oxudum. Bu günə kimi komandanın yeni loqosu bizə təqdim olunmayıb. Ola bilsin, yaxın günlərdə tanış olacağıq. Loqo bizə təqdim olunandan sonra bu barədə ictimaiyyətə geniş açıqlama verəcəyik”.
İcraiyyə Komitəsinin fevralın 2-də keçirilən son iclasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov adını dəyişərək “Şamaxı“ olacaq “Keşlə”nin martdan etibarən ev oyunlarını yeni məkanda – Şamaxıda keçirəcəyini söyləmişdi. Belə çıxır ki, Sənan Qurbanovun komandası premyer-liqanın 18-ci turu çərçivəsində martın 6-da baş tutacaq “Sabah”la görüşü artıq yeni məkanda keçirəcək. Ancaq Səbuhi bəy hələ bu mövzuda heç nəyin məlum olmadığını söylədi:
“Bəli, komandanın martdan ev oyunlarını Şamaxıda keçirəcəyi haqda məlumat verilib. Ancaq loqo kimi, bu barədə də bizə hələ heç nə deyilməyib. Martdan “Şamaxı” adı altında çıxış edəcək komandanın iki ev oyunu var. Birinci qarşılaşma martın 6-da “Sabah”a, ikinci isə 18-də “Sumqayıt”a qarşı olmalıdı. Bu görüşlərin hansının Şamaxıda keçiriləcəyi məlum deyil. Yəqin bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.
RƏŞAD