"Bizi çox çətin oyun gözləyir. Rəqibin adına baxdıqda da bunu görürük".
Bu sözləri "Qarabağ"ın futbolçusu Kadi Borges deyib. Yarımmüdafiəçi Konfrans Liqasının pley-offunun cavab matçında qarşılaşacaqları "Marsel" oyundan öncə keçirilən mətbuat konfransında iştirak edib. Braziliyalı futbolçu mərhələni keçməyə çalışacaqlarını bildirib:
"İlk matçdan sonra bir daha “Marsel”in gücünün fərqinə vardıq. Həmin oyunu təhlil etmişik. Buraxdığımız səhvlərdən nəticə çıxarmışıq. Ümid edirəm ki, həmin səhvləri təkrarlamayacağıq. Baş məşqçimiz oyunun ciddiliyi barədə bir daha danışıb. Öz gücümüzə də bələdik. Hesab əleyhimizə olsa da, bunu xeyrimizə dəyişmək iqtidarındayıq. Təslim olmayıb, sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, lazım olan nəticəni qazanacağıq".