''Mançester Yunayted''in əfsanəsi ser Aleks Ferqyuson Almaniyanın ''Bild'' nəşrinə verdiyi müsahibə zamanı 1999-dakı ÇL-in finalını xatırlayıb.
O vaxt ''Nou Kamp''da baş tutan bu oyun turnirin ən dramatik finallarından biri kimi tarixə düşmüş və ''Yunayted'' əsas vaxtın son anlarında vurduğu 2 qolla ''Bavariya''nı 2:1 hesabı ilə yenmişdi. Ferqyuson bunları deyib:
''O mövsümü ''Yunayted''dəki ən uğurlu mövsümlərimdən biri, hətta birincisi adlandırmaq olar. Biz əvvəlcə ''Barselona'' ilə ''Bavariya''nın olduğu qrupdan çıxa bildik. 1/4-də ''İnter''i, yarımfinalda ''Yuventus''u keçdik və finalda da ''Bavariya'' ilə qarşılaşmalı olduq. Onları həmişə bəyəndiyim və yaxşı münasibətlərdə olduğum Ottmar Hitsfeld çalışdırırdı. Onları finalda yenmək bizim üçün böyük bir çağırış idi. Çünki ''Bavariya'' da mövsümü bizim kimi treblla bitirməyi hədəfləmişdi. Açığı həmin gün bir qədər bəxtimizin gətirdiyini etiraf etməliyəm. ''Bavariya'' ilk 70 dəqiqədə bizdən üstün təsir bağışlayırdı. Biz yalnız son 20 dəqiqədə hücumda fəallaşdıq. O matçda son dəqiqələrdə iki qol vuraraq qalib gəlməyimiz inanılmaz bir şey oldu. Komanda mənim dönəmimdə ilk dəfə Avropanın ən güclüsü oldu. Bu, o vaxt hər birimizin həyatının ən vacib oyunu idi''.