Kişi şahmatçılardan ibarət yığma apreldə İsraildə keçiriləcək dünya çempionatında güclü heyətlə çıxış edəcək.
Bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov qurumun mətbuat xidmətinə açıqlamasında deyib:
"Ötən il qadınlardan ibarət yığmamız dünya çempionatında mübarizə apardı. Hərçənd komandanın çıxışı o qədər də uğurlu olmadı. Komanda qrupdan çıxmağı bacarsa da, ilk pley-off görüşündə uduzdu. İsraildəki yarışda ən güclü heyətlə təmsil olunmağı planlaşdırırıq. Yaxın günlərdə heyət və kapitan barədə məlumat veriləcək”.
AŞF prezidenti kişilər arasında Naxçıvanda keçirilən ölkə çempionatına da toxunub:
“İlk növbədə Azərbaycan çempionatının qalibini və mükafatçıları təbrik etmək istərdim. Çempionatın qalibi Məhəmməd Muradlı çox yaxşı mübarizə apardı. İlk mərhələdə sıralamada 4-cü olmaqla son anda finala qoşulan Məhəmmədin əsəblərinin möhkəm olması çempionluqda ona kömək etdi. Final mərhələsində bütün oyunların axarına nəzarət etməyi bacardı və yekunda layiqli şəkildə qızıl medal qazandı. Məhəmmədin istedadlı şahmatçı olduğu bizə məlumdu. O, hələ 2019-cu ildə ilk dəfə Azərbaycan çempionatında qalib gələndə diqqəti cəlb etmişdi. Buna görə onun ikiqat çempionluğu bizim üçün sürpriz olmadı. Aydın Süleymanlı yarımfinalda hər iki partiyada müəyyən üstünlüyə malik olsa da, sonda istədiyi nəticəni qazana bilmədi. Vaxtı düzgün paylaşdıra bilməməsi və müəyyən qədər təcrübə azlığı sonda ona çətinlik yaratdı. Bu amillər Aydının finala çıxmasına imkan vermədi. Misrətdin İskəndərov da gözəl oyun sərgilədi. Xüsusilə ilk mərhələdə yüksək hazırlıq nümayiş etdirməsi bizi sevindirdi. Ötən ilin çempionu Vasif Durarbəyli yaxşı mübarizə apardı və sonda bürünc medala layiq görüldü. Milli komandanın üzvü Eltac Səfərlinin final mərhələsindən kənarda qalması isə gözlənilməz oldu. Bu, bir daha göstərdi ki, reytinq şahmatda nəticəni müəyyənləşdirmir. Çempion olmaq üçün yarış günü rəqibə qarşı ən yaxşı oyununu göstərməyi və qalib gəlməyi bacarmalısan. Təəssüf ki, bu dəfə Eltacda alınmadı. Bununla belə, onun yüksək səviyyəli şahmatçı olduğu hamıya məlumdu. Eltacın gələcəkdə böyük qələbələr qazanacağına inanırıq”.
Məmmədov yarışın favoriti sayılan Nicat Abasovun çempionatda iştirak etməməsinin səbəbini açıqlayıb:
“Təəssüf ki, çempionatda iştirak etmək istəyən Nicat koronavirusa yoluxması üzündən mübarizədən kənarda qaldı. İştirak etsəydi, yarış daha maraqlı olacaqdı”.