Vladimir Petkoviç gözlənilən aqibətlə üzləşib.
O, “Bordo”nun baş məşqçi vəzifəsindən istefaya göndərilib. Hələ ki onunla müqavilənin pozulmasının detalları açıqlanmayıb. 58 yaşlı Petkoviç “Bordo”ya ötən yay təyinat almışdı. Son 7 matçdan 6-da məğlub olan komanda Fransa çempionatında 24 oyuna 20 xal toplamaqla turnir cədvəlində 20-ci yeri tutur.
Petkoviçin yerinə David Qion təyinat alıb. 54 yaşlı məşqçi ilə bağlanan müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub. Qionun sonuncu iş yeri 2016-21-ci illərdə çalışdırdığı “Reyms” olub.