Nəhayət, “Mançester Siti”ni məğlub edən tapılıb.
İngiltərənin son çempionu dünən premyer-liqada “Tottenhem”ə evdə 2:3 hesabı ilə uduzub. Bununla da “şəhərlilər”in ölkə çempionatındakı 15 oyunluq məğlubiyyətsiz seriyası qırılıb. Xosep Qvardiolanın komandası premyer-liqada sonuncu məğlubiyyətini ötən il oktyabrın 30-da evdə “Kristal Pelas”dan almışdı – 0:2. MS həmin matçdan sonra premyer-liqada 14 qələbə qazanmış və 1 oyunu heç-heçə başa vurmuşdu.
Dünənki oyunun qəhrəmanı dubl edən Harri Keyn olub. Maraqlıdı ki, “Tottenhem”in hücumçusu MS-yə qarşı son 6 ildə keçirdiyi matçlarda qol vura bilməmişdi. Sonuncu dəfə 2016-cı ilin fevralında “şəhərlilər”in qapısına yol tapan Harri bu rəqiblə sonrakı 9 oyunu qolsuz başa vurmuşdu.