Beynəlxalq Avtomobil Federasiyası (FIA) “Formula-1” üzrə dünya çempionatında çalışan hakim korpusunun strukturunda ciddi dəyişiklik etməyə qərar verib.
Qurumun saytında yer alan xəbərə görə, “Formula-1”in yarış direktoru Maykl Masi postunu tərk edib. Onun funksiyalarını bundan sonra iki mütəxəssis – DTM-in yarış direktoru Nils Vittix və WEC-in yarış direktoru Eduardo Freytas yerinə yetirəcək. Bu iki mütəxəssisə 72 yaşlı Herbi Bleş yardım edəcək. O, yaxınlara qədər uzun illər ərzində “Formula-1” yarışlarına rəhbərlik edən Çarli Uaytinqin müavini olub.
Yeri gəlmişkən, Masinin FIA aləmindən ayrılmasından söhbət getmir – avstraliyalıya yeni vəzifə təklif olunacaq.