Birinci divizionda 14-cü turun oyunları yekunlaşıb.
Səbail-2" səfərdə "Zirə-2"nin qonağı olub. Qonaq komanda matçdan 1:0 hesablı qələbə ilə ayrılıb. Turnir cədvəlində durumu ürəkaçan olmayan Səbail təmsilçisi görüşə yeni baş məşqçi ilə çıxıb. Komanda Azər Bağırovla anlaşıb. İlk oyununda qələbə qazanan çalışdırıcı "Football-plus.az" saytına təəssüratını bölüşdü:
"Yanvarın ilk həftəsində təklif aldım. Rəhbərliklə görüşdük. Müəyyən şərtlər oldu ki, razılaşdıq. Rəhbərlik tərəfindən lazımi şərait yaradıldı. Hətta 7-10 günlük təlim-məşq toplanışı da keçmək imkanımız oldu. Komandada ab-hava çox yaxşıdı. Fasilədən sonra ilk oyunda qələbə qazandıq. Bu qələbə futbolçuların əhval-ruhiyyəsinə də yaxşı təsir edib. Turnir cədvəlində vəziyyət elə də yaxşı deyil. Amma çox istərdik ki, irəliləyək, futbolçuların potensialını üzə çıxaraq. Cavan futbolçularımız var. Klub rəhbərliyinin qarşıya qoyduğu hədəf də budu. Maksimum dərəcədə yaxşı kollektiv yaratmalı və futbolçuların ustalığını artıraraq əsas komanda üçün yetişdirməliyik".
GÜNAY VƏLİYEVA