Birinci divizionda 14-cü turun oyunları yekunlaşıb.
Fasilədən sonra baş tutan ilk tur yetərincə gəgin keçib. Qırmızı və sarı vərəqələrin çoxluğu buna nümunədi. Belə görüşlərdən biri də Zaqatalada baş tutub. "Keşlə-2" səfərdə "Zaqatala"nı 2:1 hesabı ilə yenib. Amma bakılıların baş məşqçisi Rüstəm Əliyev qırmızı vərəqə almaqla yadda qalıb. İntizam Komitəsinin son iclasında isə hakimləri təhqir etdiyinə görə ona 5 oyunluq cəza verilib.
Məsələ ilə bağlı Əliyevin fikrini öyrənməyi lazım bildik. Mütəxəssis "Football-plus.az" saytına bunları dedi:
"Oyunun ikinci yarısında, hardasa 76-77-ci dəqiqədə top açıq-aşkar "Zaqatala"nın futbolçusunun əlinə dəydi. Hakim sarı vərəqə verməliydi. Özü də bu, ikinci "sarı" olacaqdı. Yəni rəqib azlıqda qalacaqdı. Həmin epizoda etirazımı bildirdim. Belə qayda pozuntularının qeydə alınmaması həm nəticəyə, həm də futbolçulara mənfi təsir edir. Hakim də etirazımı təhqir kimi başa düşüb. Ola bilər, bir az aqressiv olmuşam. Çünki mənim elə xarakterim yoxdu ki, kimisə təhqir edim. Bu halın təhqir hesab olunub-olunmadığını bilmirəm. 5 oyunluq cəza çoxdu. Çünki indiyədək belə hal olmayıb. Qırmızı vərəqə almamışam. Çox ağır gəlir mənə. Komandamın yanında olmaq istəyirəm ki, nəticələrimiz yaxşı olsun".
GÜNAY VƏLİYEVA