Türkiyə çempionatından növbəti istefa xəbəri var.
Məşqçiləri əlcək kimi dəyişdirmək baxımından Avropada hamını üstələyən superliqada bu dəfə ''Çaykur Rizəspor''da Həmzə Həmzəoğlu ilə yollar ayrılıb.
Düşmə zonasında qərarlaşan Rizə təmsilçisi dünən 26-cı tur çərçivəsində öz meydanında ''İstanbul BŞ''yə 0:2 hesabı ilə məğlub olub. Komandanın qələbəsiz seriyası 4 oyuna çatıb və məşqçi öz istəyi ilə istefa verib. ''Çaykur Rizəspor'' mövsümə Bülənt Uyğunla başlamış və 6-cı turda onunla vidalaşmışdı. Maraqlıdı ki, Həmzəoğlunun debüt oyunu da başakşəhərlilərə qarşı matça təsadüf etmişdi. Ümumilikdə komanda 52 yaşlı bu mütəxəssisin başçılığı altında 20 superliqa matçından 6 qələbə, 4 bərabərlik, 10 məğlubiyyətlə ayrılaraq 22 xal toplaya bildi. Həmzəoğlu bu mövsüm öz komandasından ayrılan sayca 20-ci mütəxəssis oldu!
Maraq üçün bildirək ki, bu mövsüm Türkiyə çempionatında 20 klubdan cəmi 6-sı - ''Hatayspor'', ''Qaziantep'', ''Girəsunspor'', ''Konyaspor'', ''Sivasspor'' və ''Trabzonspor'' məşqçi dəyişikliyinə getməyib.