21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində milli komandamızın Estoniyaya qarşı keçirəcəyi qarşılaşmanın başlama vaxtı məlum olub.
Bu haqda AFFA-nın rəsmi saytı xəbər yayıb. Martın 25-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək oyunun start fiti saat 19.00-da səsləndiriləcək. Düzdü, həmin vaxta hələ çox var. Amma yəqin ki, yığmamızın baş məşqçisi Milan Obradoviç çoxdan bu görüş haqda düşünməyə başlayıb. Serbiyalı mütəxəssislə son dəfə Antalyada, klublarımızın təlim-məşq toplanışının gedişində görüşmüşdük.
Uzun müddət idi səs-sorağı eşidilmirdi. Rəhbərlik etdiyi U-21 yığmamızın planlarını öyrənmək, həm də ölkə futbolunda baş verən proseslərlə bağlı fikirlərini səsləndirməsi üçün dünən onunla əlaqə saxladıq.
- Çoxdan ortalıqda yoxsuz. Bakıdasız?
- Əlbəttə! Fevralın 1-də burdayam. Birinci divizionda keçirilən oyunlarda iştirak edirəm. Çalışıram bütün qarşılaşmalara stadiondan baxım.
- Rəhbərlik etdiyiniz U-21 növbəti rəsmi oyunda Estoniya millisi ilə münasibətləri aydınlaşdıracaq. Bu komandaya qarşı xüsusi plan hazırlamısız?
- Bu haqda danışmaq üçün hələ tezdi. İndi nəsə söyləsəm, onlar oxuyacaq. Bu da mənə sərf etmir. Planlarımın alınmamasına səbəb ola bilər.
- Yığmanın heyətinə yeni futbolçu dəvət edəcəksiz? Bu yöndə axtarışlar davam edir?
- Əlbəttə! Həmişə istəmişəm ki, yaxşı futbolçularla işləyim, sərəncamımda çoxlu oyunçu olsun. Amma bu haqda danışmaq hələ ki tezdi. Çünki marta çox var. Hələ bilmirəm, yığmaya kimləri çağıracam. Bu, əsas millidən də asılıdı. Ora bizdən kimlərin gedəcəyini bilmirəm. Bundan sonra qeyd etdiyiniz məsələ haqda fikirləşəcəm. Hələ ki millinin növbəti təlim-məşq toplanışında kimlərin iştirak edib-etməyəcəyi barədə düşünürəm.
- Nazim Məmmədzadə “Renova”ya, Asim Əlizadə "Dauqavpils"ə keçdi. Bu haqda məlumatınız var?
- Təbbi ki, hər iki futbolçu ilə maraqlanırıq. Onlar adına çox sevinirəm. Nazim qış toplanışında “Boreç”in düşərgəsində idi. Bilirdim ki, ölkə xaricində çıxış etmək istəyir. Asimin də Latviya klubuna getməsi sevindirici məqamdı.
- Onlar U-21-in növbəti təlim-məşq toplanışına çağrılacaqlar?
- Bu haqda danışmaq hələ tezdi. Asim həmişə mənim komandama çağrılıb. “Neftçi-2”də çıxış edəndə də onun xidmətindən yararlanırdıq. Ona həmişə şans vermişəm. Nazim “Neftçi-2”də oynayanda çox şans qazanmırdı. Onu da tanıyıram. Yenə deyirəm, onlar haqda hər şeyi bilirəm. Sadəcə, zamanı qabaqlamaq lazım deyil. Heyətlə bağlı hələ nəsə demək istəmirəm.
- “Qarabağ”ın “Marsel”lə oyununa baxdız?
- Heç belə gözəl qarşılaşmanı qaçırmaq olar?!
- “Qarabağ”ın oyunu ilə bağlı nə deyə bilərsiz?
- Çox yaxşı mübarizə apardılar. “Qarabağ”a görə üzgünəm. Çünki bir çox epizodlar yaratdılar. Amma sonda fərqlənə bilmirdilər. Xüsusilə ilk hissənin əvvəllərində çox yaxşı şansları qaçırdılar. Deyərdim ki, “Qarabağ” “Marsel”lə başabaş mübarizə apardı. Sadəcə, futbolçuların fərdi keyfiyyətləri matçın taleyini həll etdi.
- “Qarabağ”ın növbəti mərhələyə vəsiqə qazanmaq şansı var?
- Ağdam klubu doğma meydanda da səfərdəki kimi istəkli oynasa, “Marsel”ə çətin olacaq. İlk oyunda gördük ki, “Qarabağ” rəqibdən qorxmur. Hələ bəzi məqamlarda Azərbaycan klubu fransızlardan daha üstün oyun nümayiş etdirirdi. İlk qarşılaşmadan sonra deyə bilərik ki, Bakıdakı görüş “Marsel” üçün çox çətin olacaq.
İLKİN SULTANLI