Serxio Aquero karyerasını bərpa edib-etməyəcəyi ilə bağlı sualı cavablayıb.
O, böyük ehtimalla ötən ilin sonunda verdiyi qərarını dəyişməyəcək.
Oktyabrın 30-da keçirilən “Barselona” – “Alaves” matçında (1:1) özünü pis hiss etdiyi üçün ilk hissədə əvəzlənən Argentina millisinin sabiq hücumçusu o vaxtdan yaşıl meydanlarda görünməyib. Takixardiya (ürək əzələlərinin normadan artıq döyünməsi) problemi ilə üzləşən Aquero sonradan cərrahiyyə əməliyyatına məruz qalmışdı. Həkimlərin məsləhət ilə futbolla vidalaşan 34 yaşlı Serxio hələ də səhhətinin yaxşılaşmadığını bildirib:
“Yenidən futbol oynayıb-oynamayacağım haqda düşünürəm. İndi oynamaq istəyəndə nəfəsim kəsilir. Bəzən nə vaxtsa yenidən tam gücümlə qaça bilib-bilməyəcəyimi düşünürəm. Sadəcə, ürəyimin düzgün işləmədiyini hiss edirəm”.
Dekabrın 15-də karyerasını başa vurduğunu bəyan edən argentinalı “Alaves”lə matçdan sonrakı günlərini belə xatırlayıb:
“Sözün düzü, başıma gələn hadisədən sonra vəziyyətin çox da ciddi olmadığını və tezliklə sıraya dönəcəyimi düşünürdüm. Ancaq ilk 15 gün mənim üçün dəhşətli keçdi. Xəstəxanalıq olanda məni kiçik otaqda bir neçə monitorla baş-başa qoydular. Bax, onda vəziyyətimin pis olduğunu anladım. Klinikada keçirdiyim iki gündən sonra əsəbləşməyə başlamışdım...”