Zlatan İbrahimoviç 40 (!) yaşında da fiziki cəhətdən güclü olduğunu nümayiş etdirib. O, necə deyərlər, ortaya konkret sübut qoyub.
“Milan”ın aparıcı futbolçusu növbəti dəfə fiziki hazırlığı və gücü ilə azarkeşləri heyran edib. İsveçli hücumçu öz “instaqram” hesabında məşq etdiyi anların təsvirləri olan video paylaşıb. Video izləyicilərin böyük marağına səbəb olub. Zlatan əvvəlcə dirəkdən tərs istiqamətdə asılaraq qarın nahiyyəsində necə press vurduğunu nümayiş etdirib. O, eyni zamanda əlində kiçik fincanlar tutaraq, onları başının altındakı qabdan su ilə doldurub və mayeni yuxarı hissədə ayaqlarının yaxınlığında yerləşən qaba töküb.
İbrahimoviç 40 yaşındakı fiziki hazırlığı ilə diqqətləri özünə cəlb edə bilib. Bircə arabir zədələnməsəydi, lap əla olardı. Yeri gəlmişkən, bu mövsüm A seriyasında meydana çıxdığı 15 oyunda 8 qolun və 2 məhsuldar ötürmənin müəllifi olub. Zlatan komandanın ən yaxşı bombardiridi!