“Çelsi” Çempionlar Liqasının 1/8 finalının martın 16-da “Lill”ə qarşı keçiriləcək cavab oyununa itkilərlə çıxa bilər.
London klubunun koronavirusa qarşı peyvənd olunmayan futbolçuları Fransadakı matçda iştirak edə bilməyəcəklər.
BBC telekanalının bu barədə məlumatında Fransada qanunvericilik səviyyəsində ölkə ərazisində keçirilən yarışlarda iştirak edən idmançıların koronavirusa qarşı peyvənd edilməsinin tələb olunduğu bildirilib.
ÇL-in son qalibi olan “Çelsi”də peyvənd olunmayan futbolçuların olduğu qeyd edilsə də, onların adları açıqlanmayıb. Məlum səbəbdən “Lill” ilə səfər oyunun neytral meydanda keçirilməsi ehtimalı ortaya çıxsa da, UEFA bu variantın mümkün olmadığını bəyan edib. Yeri gəlmişkən, londonluların baş məşqçisi Tomas Tuxel bir müddət əvvəl peyvəndin hər bir futbolçunun öz seçimi olduğunu bildirmişdi.