“Brentford”un yeni transferi Kristian Eriksen bu komandada ilk oyununu keçirib.
O, hələ ki qeyri-rəsmi debütünə sevinib.
Onun başına gələn əhvalat artıq çoxlarına bəllidi. Pandemiyaya görə birillik təxirəsalma ilə ötən yay baş tutan AÇ-2020-nin qrup mərhələsinin iyunun 12-də keçirilən Danimarka – Finlandiya matçında huşunu itirən Erikseni 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu. Ürəyində əməliyyat keçirən və bu orqanına kardioverter-defibrillyator qoyulan danimarkalı futbolçu uzun müddət idi yaşıl meydanlarda görünmürdü. Qeyd edək ki, İtaliya Səhiyyə Nazirliyi ürəyində bu aparat olan idmançıların ölkə daxilində hər hansı turnirdə iştirakına qadağa qoyub. “İnter” rəhbərliyi bu səbəbdən dekabrın 17-də Eriksenlə müqaviləni qarşılıqlı razılıq əsasında pozmuşdu.
O, məlum hadisədən sonra fevralın 14-də ilk dəfə oynayıb. Maraqlıdı ki, bazar ertəsi Kristianın 30 yaşı tamam olub. “Sauthend Yunayted”lə yoxlama oyununda 60 dəqiqə meydanda olan yarımmüdafiəçi “Brentford”un 3:2 hesablı qələbəsində 1 qolun ötürməsini verməklə rol oynayıb.