''İnter''in türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu bu gün Çempionlar Liqasının 1/8 finalı çərçivəsində qarşılaşacaqları ''Liverpul''la oyun haqda açıqlamalar verib.
Ötən yay ''Milan''dan ''İnter''ə keçən 29 yaşlı futbolçu bu mövsüm 28 rəsmi oyunda 6 qol, 9 məhsuldar ötürməlik performans sərgiləsə də, ÇL-də keçirdiyi 4 matçda qolun vurulmasında yaxından iştirak etməyib. Hakanı dinləyək:
''Klubun ÇL-in pley-offunda son 10 ildəki ilk qarşılaşması olacaq. Ona görə də hər birimiz bu matçı səbirsizliklə gözləyirik. Bu mövsüm qol vəziyyətlərindən yararlanmaq baxımından problem yaşayırıq.
Qrupda ''Real''a qarşı hər iki görüşdə bir çox fürsətlər yaxalasaq da, 180 dəqiqə ərzində onlara qol vura bilmədik. Əslində biz hər zaman çox qol epizodu yaradırıq. Amma ''Liverpul''la oyun fərqli olacaq. Matç ərzində əlimizə uzaqbaşı 2-3 real fürsət düşəcək və çalışmalıyıq ki, bunlardan istifadə edək. ''İnter''in qalib mentaliteti mənimki ilə üst-üstə düşür. Bu üzdən burda özümü çox rahat hiss edirəm. Özüm üçün bir qədər yeni mövqedə oynasam da, problem yaşamıram və topla daha çox oynamaq şansım olur. ''Liverpul'' ÇL-də son oyunda burda ''Milan''ı məğlub etdi. ''Milan''da bir çox dostlarım var, amma onların bu gün bizi dəstəkləyəcəklərini düşünmürəm. Hərçənd bu heç mənə maraqlı da deyil. Məni ancaq öz oyunum və komandamın uğuru maraqlandırır. Artıq ''İnter''lə bir titul qazanmışam. İtaliya kubokunda da yarımfinala çıxmışıq və və bu titula da göz dikmişik. ÇL isə mənim həmişə ən böyük arzularımdan biri olub. Öz səviyyəmizi meydanda göstərə bilsək, hər şey mümkündü. ''Liverpul''un yarımmüdafiəçiləri çox dinamikdi. Meydanda xarakter nümayiş etdirməli və döyüşməliyik. Bu oyunu o qədər uzun müddətdi gözləyirəm ki… ''Liverpul''un meydanda nə qədər güclü olduğunu görmək istəyirəm''.