
Aktual / Yığma
267
16.02.2022, 15:20
Velebit U-19-un daha çox oyun keçirməsini istəyir - AÇIQLAMA
Təlim-məşq toplanışını Antalyada keçirən 19 yaşadək futbolçulardan ibarət yığma hazırlıq prosesini başa vurub.
Komanda bu müddətdə 3 yoxlama görüşündə gücünü sınayıb. Öncə İraqı (U-20) sınağa çəkən Miloş Velebitin yetirmələri bu matçdan heç-heçə (2:2) ilə ayrılıb. U-19 ikinci oyununu Ukrayna "Rux"unun ikinci komandasına qarşı keçirib və minimal hesabla məğlub olub. Milli 3-cü hazırlıq oyununda isə "Antalyaspor-2" ilə üz-üzə gəlib. Matç Türkiyə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Toplanış və yoxlama oyunları ilə bağlı fikrini öyrənmək üçün Miloş Velebitlə əlaqə saxladıq. Mütəxəssisin dedikləri belə oldu:
“Antalyada olduğumuz 11 gün ərzində 3 yoxlama görüşü keçirdik. Bu qarşılaşmalarda komandanın taktiki hazırlığını inkişaf etdirməyə çalışdıq. İlk görüşümüz İraqın 20 yaşadək futbolçularına qarşı oldu. Həqiqətən çox əla matç keçdi. Onlar bizim futbolçulardan 1 yaş böyük idi. Çox yaxşı komandadı, Qərbi Asiya çempionudu. Oyun heç-heçə bitsə də, əla oldu. Futbolçularımın performansından və taktiki tapşırıqları yerinə yetirmələrindən razı qaldım. Uşaqlar əllərindən gələni etdilər. İkinci matçı Ukrayna “Rux”una qarşı keçirdik. Onlar da gənc komandadı. Bizim futbolçulardan 1-2 yaş böyük üzvləri var idi. Belə güclü rəqibə qarşı ilk hissədə yaxşı təsir bağışladıq. Fasiləyə kimi bərabər səviyyəli oyun getdi. Onlar həqiqətən çox yaxşı komandadı. Hazırda öz liqalarında üçüncü pillədə qərarlaşıb. Lakin 2 matç az keçiriblər və liderdən 2 xal geri qalırlar. Deyə bilərəm ki, hazırda Ukraynanın Gənclər Liqasının ən yaxşı komandasıdı. Dediyim kimi, ilk hissədə yaxşı oynadıq. Fasilədən sonra isə vəziyyət dəyişdi. İlk 15 dəqiqə ərzində rəqibə layiqincə müqavimət göstərdik. Sonra hər şey fərqli oldu. Qırmızı vərəqə almağımız da işləri korladı. 10 nəfərlə mübarizə aparmaq həqiqətən çətin idi. Düzdü, təhlükəli epizodlar yaratdıq, amma yararlana bilmədik. Son dəqiqədə künc zərbəsindən buraxdığımız qol vəziyyəti dəyişdi. Ümumilikdə bizim üçün əla görüş oldu. “Antalyaspor”la matçda isə oynamayan futbolçulara şans vermişdik. İlk hissədə 1 qol buraxdıq. Fasilədən sonra dəyişikliklər etdik. Lakin bəxt bizdən üz döndərdi. Ümumilikdə 10-a yaxın yüzfaizlik şansdan yararlana bilmədik. Yekunda məğlub olduq. Ümumilikdə toplanış bizim üçün çox faydalı keçdi. Bütün futbolçuları sınaqdan keçirdik. 28 oyunçunun hamısı həm taktiki, həm də fiziki cəhətdən inkişaf etdi, bacarığını artırdı. Sadəcə, bəzi futbolçularımızın sağlamlığında problem yaşandı. Onlardan bəzilərinin koronavirus testi pozitiv çıxdı. Bəzi əməkdaşlarımız da xəstələndilər. Lakin bu, hazırkı dönəm üçün normaldı. Buna baxmayaraq, toplanış futbolçuların beynəlxalq oyun təcrübəsini artırdı. İndi gələcək üçün yaxşı görüntü formalaşıb. Hazırda komandam barədə kifayət qədər məlumatım var. Amma bununla kifayətlənmək olmaz. Daha çox yoxlama oyunu keçirmələrini istəyirəm. Bu, futbolçuların inkişafına təkan verə bilər. Antalya toplanışının faydasını qarşıdakı matçlarda görəcəyik”.
SƏNƏM FƏRHADOVA