Təxminən bir ay öncə B kateqoriyalı məşqçi kurlarına qatılan veteran futbolçu Vaqif Cavadovun “Sumqayıt” Futbol Akademiyasında işə başladığını xəbər vermişdik.
Ancaq yığmanın sabiq üzvünün “kimyaçılar”da məşqçi fəaliyyəti uzun çəkməyib. Belə ki, dünən etibarlı mənbədən “Football-plus.az” saytına daxil olan məlumata görə, Cavadov “gənclik şəhəri”nin təmsilçisindən ayrılaraq Qazaxıstana yollanıb. Mənbəmiz Vaqifin bundan sonra Qazaxıstanın yüksək liqasında çıxış edən “Turan” klubunda köməkçi məşqçi kimi çalışacağını bildirdi.
Qeyd edək ki, “Turan” Xəzərin şərq sahilindəki respublikanın ən köklü klublarından biridi və Türküstan vilayətini təmsil edir. Uzun müddət birinci dəstədə mübarizə aparan komanda 2021-ci ildə güclülər dəstəsinə vəsiqə qazanıb. “Turan” hazırda Antalyada təlim-məşq toplanışındadı.
RƏŞAD