Çempionlar Liqasında PSJ ilə matçdan öncəki mətbuat konfransında ''Real''ın baş məşqçisi Karlo Ançelottinin Qaret Beyl ilə bağlı verdiyi açıqlama diqqət çəkdi.
Uelslinin madridlilərlə müqaviləsi yayda başa çatacaq. İndiyə qədər rəhbərlikdən heç kim onunla yeni müqavilə ilə bağlı danışıq aparmayıb. Ançelottinin sözlərindən sonra isə artıq əminliklə demək olar ki, yayda Beylin ''Real'' karyerası başa çatacaq: ''Beyl ''Real''dakı karyerasını müsbət şəkildə bitirməyə layiqdi. Beyl heç vaxt komanda yoldaşlarına hörmətsizlik etməyib və məşqlərdə də hər zaman var gücü ilə çalışıb. O, ÇL-in finallarında vacib qollar vurub və ''Real''a bir çox titullar qazanmağa yardım edib. Ona görə də ''Real'' ilə xoş şəkildə vidalaşmaq onun sonrakı karyerasına da müsbət təsir edəcək''.
Ötən həftəsonu ''Vilyarreal'' ilə görüşdə Beyl sentyabrdan bu yana ilk dəfə start heyətində meydana çıxmışdı. Qeyd edək ki, 2013-də ''Tottenhem''dən 101 milyon avroya transfer olunan 32 yaşlı vinger indiyə qədər ''Real''da 255 rəsmi oyunda 106 qol, 67 məhsuldar ötürmə ilə fərqlənib və 4 ÇL daxil olmaqla 14 titul qazanıb.