“Atletiko”da tezliklə baş məşqçi problemi yaşana bilər.
Dieqo Simeonenin istefaya göndərilməsinin aktuallıq qazandığı iddia edilir. İspaniya mənbələrinin xəbərinə görə, Madrid klubunun rəhbərliyi son nəticələrdən narazıdı. Son çempion La Liqada 23 oyuna yığdığı 39 xalla turnir cədvəlində 5-ci yerdədi. Bu yer isə Çempionlar Liqasına vəsiqə vermir. Ehtiyatda “Levante” ilə təxirə salınan oyunu olan komanda lider “Real”dan 15 xal geridədi. Bu isə praktiki olaraq titulun əldən getdiyinə ciddi işarə hesab olunur.
Buna görə argentinalı mütəxəssisin klubu mövsümün gedişində tərk etmək ehtimalı irəli sürülür. Bəzi mənbələr rəhbərliyin yeni baş məşqçi ilə bağlı qısa siyahısına Simone İnzaqi (İnter) ilə Maurisio Poçettinonun (PSJ) adlarının daxil edildiyini xəbər verir.
Simeone “Atletiko”nu 2011-ci ilin dekabrından çalışdırır. Komanda onun rəhbərliyi altında iki dəfə İspaniya çempionu və iki dəfə Avropa Liqasının qalibi olub. 51 yaşlı məşqçinin klubla müqaviləsinin müddəti 2024-cü il iyunun 30-na kimidi.