Yunanıstan yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Uğursuz nəticəyə görə işini itirən Con van’t Sxipin yerini Qustavo Poyet tutub.
54 yaşlı uruqvaylı mütəxəssisin Yunanıstan Futbol Federasiyası ilə bağladığı müqavilənin müddəti 2023-cü ilə qədər nəzərdə tutulub. Milli komanda AÇ-2024-ün final mərhələsinə vəsiqə qazanacağı halda müddət birilliyə artırılacaq.
Uruqvay yığmasında 26 oyuna 3 qol vuran Poyet məşqçiliyə 2006-cı ildə “Svindon Taun”da başlayıb. Karyerası ərzində “Lids”, “Tottenhem”, “Brayton”, “Sanderlend”, AEK, “Betis”, “Şanxay Şenhua”, “Bordo” və sonuncu iş yeri olan Çili “Universidad Katolika”sını çalışdırıb.