
"Rəqibin əsəbləri ilə oynaya bildik" - Aftandil Hacıyev
"Səbail" Azərbaycan kubokunun 1/4 finalının cavab matçında "Zirə"yə məğlub olub - 1:3
Qarşılaşmadan sonra meydan sahiblərinin baş məşqçisi Aftandil Hacıyev görüş haqda fikirlərini səsləndirib:
“Turniri layiqli şəkildə tərk edirik. İlk dəqiqələrdə qol vurduqdan sonra gedişatı dəyişə bilərdik. Planımız yaxşı alındı. Ən azından rəqibin əsəbləri ilə oynaya bildik. İlk qoldan sonra 2-3-cü qolları vura bilərdik. Amma "Zirə" təzyiq altında usta futbolçuları ilə oyunu ələ aldı. Bu gün bacardıqlarımızı ortaya qoya bildik. Hesab rəqibin xeyrinə dəyişdikdən sonra işimiz çətinləşdi. İtkilərimiz var idi. Amma futbolçuların məğlub olmamaq istəyi məni razı saldı. Onsuz da iki cəbhədə mübarizə aparmaq bizim üçün çətin idi. Bundan sonra çempionata köklənəcəyik. "Zirə"ni isə təbrik edirəm. Düşünürəm ki, yarımfinalda oynamaq üçün hər cür potensialı var".
Hacıyevin sözlərinə görə, oyunçu dəyişikliyi etməyə imkanı yoxdur:
"Futbolçular üçün ardıcıl olaraq süni örtükdə oynamaq asan deyil. Bu matçı ciddiyə almışdıq. Bu gün gənc futbolçularımız özlərini yaxş tərəfdən göstərdilər. Onları gələcək matçlarda da meydanda görəcəksiniz".