Azərbaycan kubokunun 1/4 finalının cavab matçında "Qəbələ" "Sumqayıt"la heç-heçə edib - 1:1.
Bu nəticə ilə bölgə təmsilçisi adını yarımfinala yazdırıb. Qarşılaşmadan sonra meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev oyunu şərh edib:
"İlk matçdan sonra demişdim ki, hələ mərhələni keçməmişik. Bizi hələ daha çətin 90 dəqiqə gözləyirdi. "Sumqayıt" yaxşı təşkilatlanmış və güclü futbolçulara malik komandadı. Komandanın çıxışından razı qaldım. İlk hissə istədiyimizi meydanda sərgiləyə bildik. Fasilədən sonra rəqib daha da aktivləşdi. Yüksək təzyiq göstərdilər. Hesab bərabərləşdikdən sonra müdafiə olunmağımız gərək idi. Ümumi götürəndə hər şey yaxşıdı. Komanda 5 gündən bir oyun oynayır. Futbolçulardan razıyam. İnanıram ki, qarşıdakı oyunlarda daha məzmunlu futbol nümayiş etdirə biləcəyik".
- İkinci hissədə 35 dəqiqə ərzində komanda oyundan qopmuşdu. Bu, hesabdan yaranan arxayınçılıq idi, yoxsa sizin tapşırığınız?- Heç vaxt komandadan qapanmaq və hesabı qorumaq tələb olunmur. Əlbəttə ki, biz də müdafiə olunuruq. Amma belə məqamlarda da hücumu düşünürük. Sadəcə, "Sumqayıt"ın da oyununu dəyərləndirmək lazımdı. Onlar da daim bizə təzyiq göstərirdilər. Amma deyə bilərəm ki, hesab da bizi daim müdafiəni düşünməyə məcbur edirdi.
- Növbəti rəqibiniz "Qarabağ"dı. Onları necə dəyərləndirərdiz? Finala çıxmaq şansınız nə qədərdi?- "Qarabağ" haqda danışmağa gərək yoxdu. Onların gücünü hamı bilir. Mövqelər üzrə keyfiyyətli futbolçuları var. Buna baxmayaraq, komandama inanıram. Düşünürəm ki, kollektiv şəkildə "Qarabağ"a qarşı yaxşı oyun nümayiş etdirəcəyik.
- Nəticə baxımından nikbinlik var?- Əlbəttə! Yarımfinala vəsiqə qazanmışıqsa, niyə nəticə haqda düşünməyək ki?
RƏŞAD, Qəbələ