''Xetafe''nin türkiyəli forvardı Enes Ünal mükəmməl mövsüm keçirməkdə davam.
Dünən La Liqanın 24-cü turunda ''Xetafe'' son çempion ''Atletiko''nun qonağı oldu. Çox baxımlı və məhsuldar alınan Madrid derbisinin hələ ilk hissəsində hər komanda 3 qol vurdu. Yekunda ''Atletiko'' 4:3 hesabı ilə qalib gəldi. Komandasının qazandığı hər iki penaltini qola çevirərək dubl edən Enesin məhsuldarlığı ''Xetafe''yə xal qazandırmadı. Amma 24 yaşlı forvard adını klubun tarixinə yazdırmağı bacardı. La Liqada meydanda olduğu son 3 matçı qolsuz tərk etməyən Enes ''Xetafe''nin tarixində ardıcıl 3 rəsmi oyunda qol vuran ilk əcnəbi futbolçu oldu! Meydanda olduğu son 7 turda 7 dəfə fərqlənən Ünal ümumilikdə bu mövsüm La Liqada artıq 11 qol vurub.
Onu da bildirək ki, 2018-dən İspaniyada çıxış edən və ''Xetafe''dən öncə ''Valyadolid'', ''Levante'', ''Vilyarreal''ın şərəfini qoruyan Enes La Liqada ümumilikdə 149 oyuna 33 qol vurub. O, turnirin tarixində ən çox qol vuran türkiyəli oyunçular arasında 2-ci pillədədi. Bu siyahıda lider 75 qolla Nihat Kahvecidi.