Ötən bazar Region Liqasının Qərb, Şimal-Qərb zonasında “Karvan” Yevlaxda “Qoşqar UGİM-2” ilə üz-üzə gəlib.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatsa da, qonaq komanda meydanı yarımçıq tərk edib. Belə ki, son dəqiqələrdə hakim Gəncə komandasının qapısına penalti təyin edib. Ədalət təmsilçisinin qərarına etiraz əlaməti kimi qonaqlar meydanı tərk ediblər. Bu səbəbdən yevlaxlılar 11 metrlik zərbəni yerinə yetirə bilməyiblər. Buna baxmayaraq, matç Kənan Kərimovun komandasının qələbəsi ilə başa çatıb.
Yevlaxda gəncəliləri narazı salan nə olub? Komanda niyə hakimin final fitini gözləmədən paltardəyişmə otağına yollanıb? Bu suallara cavab tapmaq üçün “Qoşqar UGİM-2”nin baş məşqçisi Aqil Əliyevlə əlaqə saxladıq. Həvəskar komandanın çalışdırıcısı bunları dedi:
“Əslində Yevlaxda xüsusi qabardılası problem yaşanmayıb (?! – red.). Uşaqlar hakimin qərarına etiraz olaraq meydanı tərk etdilər. Onlara nə qədər “meydandan çıxmayın, geri dönün” desəm də, məni dinləmədilər. Pulsuz oynayan uşaqlardı, onları nəyəsə məcbur edə bilmərəm”.
Baş məşqçi narazılıq doğuran məqama da toxundu:
“Hesab 2:1 olanda biz qol vurduq. Baş hakim meydanın mərkəzinə gəlib qolu qeydə alsa da, laysman nə fikirləşdisə, bayrağını qaldırıb fərqli qərar verdi. Bundan sonra rəqib hücum təşkil etdi. “Karvan”ın futbolçusu cərimə meydançasında heç bir təmas olmadan yerdə qaldı və baş hakim qapımıza penalti təyin etdi. Halbuki, yenə deyirəm, həmin an orda bizim futbolçulardan heç kim ona toxunmamışdı. Uşaqları da özündən çıxaran bu oldu. Onların hakimin qərarına etiraz edərək meydanı tərk etdilər”.
RƏŞAD