Türkiyə futbolunu gözəl tanıyan Mirça Luçesku hazırda çalışdırdığı Kiyev ''Dinamo''su ilə birlikdə Antalyada toplanışdadı.
Türkiyəli həmkarlarımız onunla söhbət etmək fürsətini əldən verməyiblər. ''Dinamo'' ilə həm çempionluğu, həm kuboku, həm də superkuboku qazanan rumıniyalı mütəxəssis daha öncə Türkiyədə ''Qalatasaray'' və ''Beşiktaş''la çempion olubsa, yaxın keçmişdə Türkiyə yığmasını da çalışdırıb. Ukraynada uzun illər ''Şaxtyor''u çalışdırdığı üçün ''Dinamo''nun başına keçdikdən sonra ''Şaxtyor'' fanatlarının etirazı ilə üzləşən 76 yaşlı mütəxəssis sözünə bu baxımdan Türkiyədə vəziyyətin fərqli olduğunu deməklə başlayıb:
''Mən rəqib azarkeşlər tərəfindən xoş qarşılanmağı yalnız Türkiyədə görmüşəm. ''Qalatasaray''dan ''Beşiktaş''a yollanarkən ''Əli Sami Yen''ə gəldiyim ilk matçda ''Qalatasaray''lılar məni böyük alqışlarla qarşılamışdı. İnanılmaz bir atmosfer var idi və o anı heç vaxt unutmayacam. Ümümiyyətlə, Türkiyə futbolunda fanatların xüsusi yeri var. Onlar futbolu dərindən bilirlər və komandaya dəstək verməyin yollarını da bilirlər. Rəqibə çox yaxşı təzyiq göstərirlər. Türkiyə futbolunu sevirəm və burdakı tarixin bir parçası olmağım daim mənə xüsusi emosiyalar bəxş edib. Məşqçilik karyeramın Türkiyədə keçən illəri ilə hər zaman fəxr etmişəm. Burda həmişə istedadlı gənclər olub. Düzdü, klublar o gəncləri yetişdirmək əvəzinə legioner gətirməyə üstünlük verir. Bu da istedadların önünü bağlayır. Sadəcə, bu gənclərə düzgün yol göstərmək, onların taktiki savadlarını və komandaya faydalarını artırmaq lazımdı. Türkiyə yığmasında qısa müddət işləsəm də, böyük işlər gördüyümü düşünürəm. Məhz mənim dönəmimdə bir çox gənc oyunçu Avropaya yollandı. Bir yığma üçün güclü ölkələrdə legioner həyatı yaşayan futbolçulara sahib olmaq çox önəmlidi. Məsələn, İsveçrə və ya Xorvatiya yığmasında belə oyunçular çoxdu. Hətta Albaniya yığması da bu baxımdan son illərdə seçilir. Onların bir çox oyunçusu Avropada top qovur və bu da yığmanın nəticələrinə pozitiv təsir göstərir. Portuqaliya əvvəlki komanda deyil. Kriştiano Ronaldo da əvvəlki qədər qarşısıalınmaz təsir bağışlamır. Türkiyənin gənc və potensiallı oyunçuları daha çoxdu. Bu gənclərə güvənilsə, bu matçda yaxşı nəticə əldə etmək mümkündü. Mövsüm İstanbul nəhəngləri üçün çox uğursuz keçir. Amma nəhənglərin enişi digər klubların da böyük potensiala malik olduğunu göstərir. Anadolu futbolu yüksəlişdədi və çox yaxşı oynayırlar. Ən son ''Kayserispor''un kubokda ''Fənərbaxça''nı məğlub etdiyi oyuna baxdım. Nəhənglərin durumu həqiqətən də acınacaqlıdı və bu vəziyyətdən mümkün qədər tez çıxış yolu tapmalıdılar. Məncə, koronavirus ən çox böyük klublara zərbə vurdu. Çünki azarkeş gücündən əvvəlki qədər istifadə edə bilmirlər. Bu mövsümün qalan hissəsində artıq hər hansı bir çempionluq intriqasının yaşanması mümkün görsənmir. İstanbul nəhənglərinin ''Trabzonspor''u yaxalamaq ehtimalı yoxdu. Ona görə də qeyri-adi bir şey baş verməsə, ''Trabzonspor'' çempion olacaq''.