Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşması keçirilib. "Keşlə" doğma meydanda "Qarabağ"ı qəbul edib - 0:6.
8. Keşlə - Qarabağ (Ağdam) 0:6 (0:4)
Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 2. İlkin Qırtımov (22. Elçin Mustafayev, 66), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (95. Rəhman Daşdəmirov, 46), 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 6. Franko Flores, 13. Pərviz Azadov (14. Turan Vəlizadə, 46).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 8. Tural Axundov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 9. Natan Oduva, 70. Bahadur Həziyev, 97. Qurban Səfərov.
Baş məşqçi: Sənan Qurbanov.
Qarabağ: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), (19. Filip Ozobiç, 68), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 6. Patrik Andrade, 29. Marko Veşoviç (20. Kadi Borges, 61), 25. İbrahima Vaci (10. Abdulla Zubir, 61), 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 18. İsmayıl İbrahimli, 7. Riçard Almeyda, 81. Kevin Medina, 21. Rauf Hüseynli, 27. Toral Bayramov, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Qollar: P.Andrade, 9 (0:1). İ.Vaci, 17 (0:2). R.Şeydayev, 43-p. (0:3). İ.Vaci, 45 (0:4). M.Qurbanlı, 78 (0:5). R.Şeydayev, 84 (0:6).
Vərəqələr: M.Qiqauri, 44 (qeyri-idman hərəkəti). T.Vəlizadə, 83 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Kamran Bayramov, İnqilab Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
11 fevral. Bakı. “ASK Arena”. 1230 tamaşaçı.
Yalnız ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
İlk oyun - 0:1.
“Keşlə”nin ilk oyunda “Qarabağ”a layiqincə müqavimət göstərməsi növbəti tura vəsiqə qazanmaq şansını saxlayırdısa, Patrik Andrade 10-cu dəqiqədə qapıya göndərdiyi möhtəşəm zərbə ilə bu ümidlərin üstündən xətt çəkdi. Ağdamlılar ilk hissədə tam üstün oynayıb, Sənan Qurbanovun komandasının göz açmasına imkan vermədi. Kadi, Zubir, Medina, Toral, Ozobiç kimi futbolçuların meydanda olmaması “köhlən atlar”ın işinə yaramışdı. Əsas heyətdə yer alanlar 45 dəqiqə ərzində cütün taleyini həll etdilər. 17-ci dəqiqədə Vaci komandanın əsas vuran ayağı olduğunu sübut etdi. “Keşlə” hissənin sonlarına kimi var-gəl etsə də, heç nə alınmırdı. İlk hissənin son dəqiqələrində “Qarabağ” daha 2 qol vurdu. Əvvəlcə Şeydayev penaltidən fərqləndi. 45-ci dəqiqədə isə Vaci paytaxt təmsilçisinin qapısı önündə yaranan qarışıqlıqdan faydalandı.
Əslində “Keşlə” ikinci hissədə meydana çıxmasa da, olardı. Çünki Sənan Qurbanovun komandasının 5 qol vurması mümkün deyildi. Hələ “Qarabağ”ın müdafiəsində Bəhlulun “divar” olduğu bir məqamda bunu etmək çox çətin idi. Görünür, Rahilin “Zirə”yə göndərilməsi Mustafayevin özünəinamını artırıb. “Qarabağ”ın heyətində matçın ən yaxşı oyunçusu kimi məhz gənc müdafiəçini qeyd edə bilərik. Musa Qurbanlı da özünü yaxşı tərəfdən göstərməyə çalışırdı. 71-ci dəqiqədə hücumçu topu boş qapıdan keçirsə də, yan xətt hakiminin bayrağı qalxdı. Lakin Qurban Qurbanovun oğlu 7 dəqiqə sonra istəyinə çatdı. Bu qolda daha çox Kadinin əməyi var idi. Braziliyalı “Keşlə”nin müdafiəsində yer alan bütün futbolçuları “bazara göndərdikdən” sonra forvarda ötürmə etdi. Musanın fərqlənməsinə heç kim mane olmadı. Hesab 0:5 olsa da, “Qarabağ” hücumlarını davam etdirdi. Ağdamlılar sanki nəyinsə acığını çıxırdılar, ya da qoldan doymurdular. 84-cü dəqiqədə “köhlən atlar”ın heyətində Ramil dublunu rəsmiləşdirərək qarşılaşmada son nöqtəni qoydu. Beləliklə, “Qarabağ” “Keşlə”ni darmadağın etməklə adını yarımfinala yazdırdı.
Maraqlıdı...
* “İmarət” fanklubunun üzvləri oyun ərzində bir neçə dəfə “Neftçi”nin köpəyi Elçin Məsiyev”, - deyə şüar səsləndirdilər.
* Ramil Şeydayevin vurduğu 6-cı qol stadionun diktoru tərəfindən elan edilmədi.
* Qarşılaşmanın sonunda Kevin Medina və Patrik Andrade əllərində onlara aid pankart tutan azarkeşlərə forma hədiyyə etdilər.
* Oyun bitən kimi Elvin Cəfərquliyevlə “Keşlə”nin futbolçuları və baş məşqçi Sənan Qurbanov arasında problem yaşandı. Meydan sahiblərinin çalışdırıcısının Qara Qarayevlə də əsəbi tonda söhbəti diqqətdən qaçmadı.
İLKİN SULTANLI