Fevralın 10-da gecəyarısı MBA-da “transfer pəncərəsi” bağlandı.
Gözlənildiyi kimi, son saatlarda maraqlı keçidlər qeydə alındı. Onlardan bir neçəsi xüsusi vurğulanmalıdı. Təbii ki, ilk növbədə söhbət liqanın əsas ulduzlarından olan Ceyms Hardendən gedir. 32 yaşlı hücumameyilli müdafiəçi bundan sonra “Filadelfiya”nın şərəfini qoruyacaq. Ancaq çətin ki, “Bruklin” onun gedişinə görə məyus oldu. Belə ki, Stiv Neşin komandası Hardenin əvəzində qarşı tərəfdən üç oyunçu - Ben Simmons, Set Karri və Andre Drammondu, həmçinin draftın ilk raundunda iki seçim qazandı. Üstəlik ağır xarakteri olan Ceyms “Bruklin”də heç də hamı ilə yola getmirdi. Təsadüfi deyil ki, Dürant onun gedişinə bu cür reaksiya verdi:
“Çox sevindim. Xoşbəxtəm ki, komandanın bir hissəsi olmaq istəyən oyunçulara sahib çıxdıq”.
Üstəlik Ulduzların matçında Şərq konfransının kapitanı olacaq Kevin Hardeni komandasına seçmədi. Son seçim ərəfəsində yalnız iki basketbolçu qalırdı ki, Dürant keçmiş oyundaşına yox, Qoberə üstünlük verdi. Qərb konfransının kapitanı Lebron Ceyms isə bunu gülüşlə qarşıladı.
Diqqətçəkən daha bir keçid isə əfsanəvi Arvidas Sabonisin oğlu Domantasın “Sakramento”ya transferi oldu. Düzdü, 25 yaşlı litvalı bu mövsüm yaxşı çıxışla yadda qalır (hər oyunda orta hesabla 18,9 xal, 12,1 ribaund və 5 ötürmə), amma “Sakramento” rəhbərliyinin Sabonisə görə “İndiana”ya Tayriz Halibertonu verməsi çoxları üçün şok oldu. Çünki 21 yaşlı istedadlı müdafiəçinin yeri toxunulmaz görünürdü. MBA-nın aparıcı insayderi Edrian Voynarovski belə əvvəlcə bu xəbərə inana bilmədi. ESPN müxbiri dəyişikliyi belə şərh etdi:
“Haliberton şokda idi! Nəinki o, hamımız, bütün liqa şok yaşadı! Əksər komandalar düşünürdülər ki, Tayrizin yeri toxunulmazdı və “Sakramento”ya müraciət etsələr, “yox” cavabını eşidəcəklər. Belə olmadığını bilsəydilər, mütləq klubun qapısını döyərdilər. Haliberton daxil olmaqla, hər kəs onu “Sakramento”nun gələcəyi görürdü. “İndiana” onu qazanmaqla ümidlərini üstələdi. Bu keçid sayəsində onların heyətinin potensialı xeyli artdı”.
Halibertonun keçidini qəbul etməyən “Sakramento” azarkeşləri “Minnesota” ilə oyunda üzərində “Sabonis, cəhənnəmə xoş gəldin”, “Tayriz, darıxıram”, “Halibertonu niyə dəyişdiz?” yazılan plakatlar açdı. Ancaq bütün bunlar Domantasın əla çıxışına mane olmadı. 22 xal, 14 ribaund, 5 ötürməylə yadda qalan litvalı yeni komandasının 132:119 hesablı qələbəsində əsas pay sahibi oldu. Bu yerdə Sabonisin işinin çox çətin göründüyünü qeyd edək. Hər halda, 15 il pley-offa yüksələ bilməyən “Sakramento” bu mənada MBA-da antirekord sahibidi. Bu komandanı vaxtilə heç liqanın ən istedadlı mərkəz hücumçusu Demarkus Kazins də xilas edə bilməmişdi. Müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulan litvalı qəhrəmanlıq etməyə çalışacaq.
Qeydə alınan nəticələrə gəlincə, mövsümün startından əvvəl Şərq konfransının favoriti sayılan “Bruklin”in işləri qaydasında getmir. Zədəsini sağaldan Dürantın yoxluğunda komanda ardıcıl 10-cu məğlubiyyətini aldı – 112:113. Özü də son 12 matçda yalnız 3-cü dəfə qalib gələn “Vaşinqton”dan. Günün əsas “ulduz”u, heç şübhəsiz, Luka Donçiç oldu. Sloveniyalı “Klippers”lə oyunda 51 xal (!) topladı və şəxsi rekordunu yenilədi. Donçiçi dinləyək: “İlk çeyrəkdə möhtəşəm idim. Atdığım bütün toplar səbətə düşürdü. Oyunun belə alınanda matçın bitməməsini istəyirsən”.
Stefen Karrinin “Nyu-York”la görüşdəki 35 xalı isə “Qolden Steyt” üçün yetərli olmadı – 114:116. 33 yaşlı basketbolçu karyerası ərzində topladığı xalların sayını 19745-ə çatdırdı və MBA tarixində 49-cu pilləyə yüksəldi. Məğlubiyyətə baxmayaraq, “döyüşçülər” Qərb konfransında 2-ci pillədədi və yalnız “Finiks”dən geri qalırlar.
Yeri gəlmişkən...
Fevralın 20-də baş tutacaq Ulduzların matçının heyətləri artıq məlumdu.
Lebron Ceymsin komandası: Yannis Adetokumbo (Miluoki), Stefen Karri (Qolden Steyt), Nikola Yokiç (Denver), Demar Derozan (Çikaqo).
Ehtiyat: Luka Donçiç (Dallas), Darius Qarlend (Klivlend), Kris Pol (Finiks), Cimmi Batler (Mayami), Donovan Mitçell (Yuta), Fred Vanvlit (Toronto), Ceyms Harden (Filadelfiya).
Kevin Dürantın komandası: Coel Embiid (Filadelfiya), Ca Morent (Memfis), Trey Yanq (Atlanta), Ceyson Teytum (Boston), Endryu Uiqqins (Qolden Steyt).
Ehtiyat: Devin Buker (Finiks), Karl-Entoni Tauns (Minnesota), Zak Lavin (Çikaqo), Deconte Mürrey (San Antonio), Kris Middlton (Miluoki), Lamelo Boll (Şarlott), Rudi Qober (Yuta).
10 fevral
Klivlend – San Antonio 105:92 (29:30, 28:18, 27:25, 21:19)
Şarlott – Çikaqo 109:121 (29:28, 16:30, 31:31, 33:32)
Oklahoma – Toronto 98:117 (22:34, 29:25, 21:28, 26:30)
Yuta – Qolden Steyt 111:85 (30:31, 25:18, 24:16, 32:20)
Sakramento – Minnesota 132:119 (29:37, 42:27, 28:37, 33:18)
Portlend – Leykers 107:105 (18:18, 29:36, 29:24, 31:27)
11 fevral
Detroyt – Memfis 107:132 (19:41, 31:24, 30:30, 27:27)
Vaşinqton – Bruklin 113:112 (24:27, 31:32, 31:19, 27:34)
Nyu-Orlean – Mayami 97:112 (24:27, 31:29, 18:27, 24:29)
Hyuston – Toronto 120:139 (41:37, 23:36, 28:31, 28:35)
Dallas – Klippers 112:105 (36:28, 23:22, 30:31, 23:24)
Finiks – Miluoki 131:107 (31:34, 33:22, 33:21, 34:30)
Qolden Steyt – Nyu-York 114:116 (28:33, 34:24, 20:31, 32:28)