Niderlandda baş tutan futzal üzrə Avropa çempionatı bir neçə gündü yekunlaşıb.
Portuqaliya çempion oldusa, böyük ümidlərlə yola saldığımız yığma gözlənilmədən qrupda qalaraq, idmansevərləri məyus etdi.
Turnirlə vidalaşandan dərhal sonra geri dönən komandanın heyətindəki bəzi şəxslərin koronavirus testi müsbət nəticələnmişdi. Nəticədə onlar orda karantində qalmışdı. Həmin şəxslərin vəziyyəti ilə maraqlanmaq üçün Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla əlaqə saxladıq:
"Karantində qalanlar fevralın 6-da Bakıya döndülər. Normaldı vəziyyətləri. Bir-iki gün istirahət etdilər. Artıq məşqlərə başlayıblar. Karantində qalanlar Xətai Bağırov, Emin Kürdov, Hacıbala Abdullazadə, Fuad Səfərov və Felipinyo idi".
Uğursuz nəticədən sonra Futzal Federasiyasının yığmanın baş məşqçisi Joze Alesio da Silva ilə yolları ayıracağı haqda xəbərlər yayıldı. Hətta qurumun prezidenti Zaur Axundovun braziliyalı mütəxəssislə görüşəcəyi də deyilmişdi. Mahal Məmmədov məsələ ilə bağlı qısa danışdı:
"Hələ ki rəhbərliklə baş məşqçi arasnda görüş olmayıb. Amma yaxın günlərdə mütləq baş tutacaq".
GÜNAY VƏLİYEVA