Azərbaycan premyer-liqasında 15-ci turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, "Səbail" doğma meydanda" Sumqayıt"ı qəbul edib - 1:1. Ev sahibi komandasının baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransında iştirak edib. O, oyun haqda bunları deyib:
"Çox maraqlı oyun alındı. İlk hissədə hər iki komanda dinamik idi. Gərgin mübarizə izlədik. Birinci hissəni aktivimizə yazmaq olar. Çünki daha çox hücumlar qurduq. Fasilədən sonra oyun bir qədər bərabərləşdi, bəzi epizodlarda rəqib üstünlüyü ələ aldı. Futbolçular üçün bir qədər çətindi. 4-5 itkimiz var idi və ehtiyatda olanlardan istifadə etdik. Buna baxmayaraq, xal qazanmaq istəyirdik. Qələbəyə layiq oynasaq da, yekunda 1 xalla kifayətləndik. Hər halda xal hesabımızı artırdıq. Belə görünür ki, çempionat gərgin davam edəcək. Bizim üçün çətin olsa da, mübarizə aparmağa çalışacağıq".