Kriştiano Ronaldo milli komandaların Avropadan kənarda baş tutan rəsmi oyunlarına görə İngiltərədə yaranan fasilədən yararlanaraq Asiyaya yollanıb. Ulduz futbolçu Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərinə yollanıb.
36 yaşlı hücumçu yanvarın 29-da Dubay vəliəhdi Şeyx Həmid bin Məhəmməd Əl-Maktumla görüşüb. Onlar birlikdə “Palm Tower”in 50-ci mərtəbəsinə çıxaraq yerdən 200 metr hündürlükdən dünyanın ilk panorama hovuzunu seyr ediblər. Böyük oğlu Junior da atası ilə birlikdə olub. Ulduz futbolçu Dubayda dəvət aldığı tədbirlərdən birində müasir texnologiyanın müsbət və mənfi tərəflərindən danışıb. O, oğluna hələ də telefon almadığını söyləyib:
“İcazə verin, məsələyə münasibətimi Juniorun timsalında bildirim. Mənim böyük oğlumun 12 yaşı var. O, daim nə vaxt mobil telefonunun olacağını soruşur. Həmişə ona cavab verirəm ki, vaxtı gələndə sənin də telefonun olacaq. Texnologiyadan yararlanmalısan, amma ona aludə olmaq lazım deyil. Bəzən telefonu bir müddətlik oğluma verirəm, amma həmişə yox. Uşaqlara telefonları uzun deyil, müəyyən müddətə vermək lazımdı”
.
Qeyd edək ki, Junior “Mançester Yunayted”in akademiyasında çıxış edir. Ronaldo oğlu övladını heç nəyə məcbur etməyəcəyini və ona sevdiyi işi görməsi üçün şərait yaradacağını da bildirib:
“Hər şeyi zaman göstərəcək. Heç vaxt onu nəyəsə məcbur etməyəcəm. O, sevdiyi işi görəcək. Övladlarım hər zaman hansı sahəni istəyirlərsə, onu seçməkdə azad olacaqlar. Mən istənilən vəziyyətdə onlara dəstək olacağam”.
Yeri gəlmişkən, Ronaldonun daim əla formada qalmasının sirri məlum olub. “The Sun” qəzetinin xəbərinə görə, onun evində fərdi kriyoterapi palatası var. Kriştiano bunun sayəsində yüksək fiziki formasını saxlayır. Palatanın 60 min avro dəyərində olduğu bildirilib. Kriyoterapi toxumaların bərpasına və sağalmasına kömək edən, daxilindəki hərarəti -200 dərəcə selsiyə çata bilən bir kameradı. Bu stenddə idmançılar maksimum 5 dəqiqə vaxt keçirə bilərlər.